Sənətdə keçən ömür

 

Xalq artisti Muxtar Avşarovun 100 illik yubileyi qeyd olunub

 

Mayın 1-də Dövlət Film Fondunda görkəmli teatr və kino aktyoru, Xalq artisti Muxtar Avşarovun 100 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirildi. Fondun foyesində sənətkarın yaradıcılıq yolunu əks etdirən fotolardan ibarət sərgi təşkil olunmuşdu.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev aktyorun həyat və fəaliyyətindən danışdı. Bildirildi ki, Muxtar Həsən oğlu Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olub. 1918-ci ildə ermənilərin soydaşlarımıza qarşı başlatdıqları soyqırımı və təqiblərdən xilas olmaq üçün ailələri əvvəlcə Türkiyəyə gedir. Bir müddətdən sonra Gəncəyə gəlirlər. Muxtar şəhərdəki dəmiryol məktəbində təhsilini davam etdirir. Ağasəlim Manaflının dram dərnəyində işə düzəlir, burada ara-sıra səhnəyə çıxır. Dərnəyin rəhbəri, görkəmli aktyor Ülvi Rəcəb onun istedadını qiymətləndirir. Beləcə gələcəyin tanınmış aktyorunun sənət yolu başlanır.

Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov sənətkarın şəxsiyyətindən söz açdı: “Teatr və kino tariximizdə özünəməxsus iz qoyan Muxtar Avşarovu uşaq yaşlarımdan tanıyıram. Kinoda və teatrda oynadığı rollara çox baxmışam. Yaratdığı obrazların çoxunda həyatını yaşayıb. O, milli təəssübkeş, vətənpərvər bir azərbaycanlı idi. Hələ Gəncə şəhərində yaşadığı vaxt milli təəssübkeşliyi üstündə həbs edilib. Onun həm də hadisələrə fərdi yanaşma tərzi vardı. Tədbirlərin birində soruşdum ki, niyə teatra getmirsən? Dedi ki, indi hər yerdə tamaşa göstərilir. Teatra gedib artıq nə görəcəyik. Bir dəfə ad günündə təbrik edərək dedim ki, gün o gün olsun 100 illik yubileyini qeyd edək. “Yaşamağı da hörmətdən salmaq olmaz”, - dedi”.

Xalq artisti Amaliya Pənahova Muxtar Dadaşovla bağlı xatirələrini dilə gətirdi: “Onunla tanışlığımız İlyas Əfəndiyevin “Unuda bilmirəm” tamaşasında tərəf-müqabil olmaqla başlayıb. Sonra Bakı Bələdiyyə Teatrı yarananda bir yerdə işlədik. 90-cı illərin ortaları idi. Türkiyəyə qastrola getmişdik. Qars şəhərində tamaşamız olacaqdı. Hiss etdim ki, aktyorlar nə isə öz aralarında astadan söhbət edirlər. Soruşdum ki, nə olub? Dedilər ki, bəs Muxtar Avşarovun burada qohumları var. O, çox həyəcan keçirirdi. Elə oldu ki, onlar xəbər tutub gəldilər... Çox böyük bir sevincli gün yaşadıq. Muxtar dedi ki, bu mənim qismətim və alın yazımdır. İnsan çətin gündə tanınır. O, çətin vaxtlarda kollektivimizə mənəvi dayaq olub”.

Əməkdar artist Əjdər Həmidov sənətkarla “Kişi sözü” filmində tanış olduğunu bildirdi: “Filmdə o, mənim atamı oynayırdı. Onda 34 yaşım vardı. Həmişə deyirlər ki, ona çox oxşayıram. O, çox ciddi və səmimi idi. Həm də bir sənətkar kimi çox istedadlı idi. Ondan çox şey öyrəndim”.

Xalq artistləri İlham Namiq Kamal, Mərahim Fərzəlibəyov, Rafiq Əzimov, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə çıxış edərək sənətkarın yaradıcılıq yolundan danışdılar, xatirələrini bölüşdülər.

Qeyd edildi ki, M.Avşarov Gəncə Dövlət Dram Teatrında C.Məmmədquluzadənin “Ölülər” əsərində Hacı Kazım rolunda ilk dəfə peşəkar səhnəyə çıxıb. Ömrünün 65 ilini peşəkar səhnəyə bağlayan sənətkar müxtəlif teatrlarda yaddaqalan obrazlar yaradıb. 1968-ci ildən 1990-cı ilədək Dövlət Akademik Dram Teatrında çalışıb. Görkəmli aktyor kinoda özünəməxsus iz qoyub. “Dəli Kür”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Kişi sözü”, “Qatır Məmməd”, “Yenilməz batalyon”, “Tütək səsi”, “Qanlı zəmi” və digər filmlərdə maraqlı rollar oynayıb. 1960-cı ildə respublikanın Əməkdar artisti, 2002-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Sənətkar 1 dekabr 2004-cü ildə dünyasını dəyişib.

Gecədə çıxışları aktyorun rol aldığı filmlərdən fraqmentlər müşayiət edirdi. Sonda sənətkarın qızı Sevər Avşarova tədbirin təşkilatçılarına və iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.

 

Savalan Fərəcov

Mədəniyyət.- 2015.- 6 may.- S. 11.