70-dək ölkənin nümayəndələri üçün O olmasın, bu olsun

 

Mayın 2-dən 5-dək Bakıda keçirilən Asiya İnkişaf Bankı (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısı çərçivəsində ölkəmizə gəlmiş qonaqlar Azərbaycan Dövlət Musiqili Teatrında olublar.

Teatrın mətbuat xidmətindən bildirilib ki, 70-dək ölkənin rəsmi nümayəndələri Üzeyir Hacıbəylinin O olmasın, bu olsun operettasının tamaşasına baxıblar. Tamaşadan xoş təəssüratlarla ayrılan ali mənsəbli qonaqlar teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevlə söhbətləri zamanı ecazkar və möhtəşəm tamaşadan zövq aldıqlarını bildiriblər.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Rolları Xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Səmədzadə Xasıyev, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları canlandırıblar.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2015.- 6 may.- S. 7.