Şamaxı İncəsənət Təhsili Mərkəzində ulu öndərin xatirəsinə həsr olunmuş konsert

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində Şamaxı İncəsənət Təhsili Mərkəzində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Tofiq Quliyev adına 12 saylı onbirillik musiqi məktəbi şagirdlərinin birgə konserti olub.

 

Tədbir iştirakçıları və qonaqlar əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Sonra Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə konsert proqramı təqdim olunub. Orkestrin möhtəşəm ifası, eləcə də şagirdlərdən Leyla Fərəcova, Fidan Muxtarova, Nihat Məmmədov, Zərqələm Mehdiyeva, Ayan Məmmədli və Murad İbrahimovun çıxışları tamaşaçılarda xoş ovqat yaradıb.

Xatırladaq ki, aprelin 21-də Şamaxı İncəsənət Təhsili Mərkəzi ulu öndərin anadan olmasının 92-ci ildönümü münasibətilə Bakıda, R.Behbudov adına Dövlət Mahnı Teatrında rəsm sərgisi və konsert proqramı təqdim etmişdi. Tədris ocağının 2013-cü ildə istifadəyə verilən yeni binasında gənc istedadların fəaliyyəti üçün hər cür şərait yaradılıb.

 

Mədəniyyət.- 2015.- 6 may.- S. 7.