Əməyə verilən yüksək qiymət

 

Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim edilib

Mayın 1-də Muzey Mərkəzində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim olunması mərasimi keçirildi.

 

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısından söhbət açdı, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini bildirdi: "Ulu öndər Heydər Əliyev tərəfindən mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və qayğı bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulamaq lazımdır. Bu gün incəsənət ustalarımız dünyanın bütün nöqtələrində Azərbaycanı layiqincə təmsil edirlər. Onların zəhməti sayəsində dünyanın dörd bir tərəfindən mədəniyyətimizin əks-sədası gəlir, Azərbaycan mədəniyyətinə dünya xalqlarının marağı günü-gündən artmaqdadır. Bütün bu nailiyyətlərin müqabilində mədəniyyət və incəsənət xadimlərinin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilir".

Sonra ölkə Prezidentinin 18 dekabr 2014-cü il tarixli sərəncamı ilə "Xalq artisti", "Əməkdar artist", "Əməkdar mədəniyyət xadimi", "Əməkdar mədəniyyət işçisi" fəxri adlarına layiq görülmüş şəxslərə fəxri adların vəsiqə və medalları təqdim edildi. Həmçinin Prezidentin 25 iyun 2014-cü il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuş Rəfiqə Cəfərovaya, ölkə başçısının 29 mart 2015-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu"na layiq görülmüş Xalq artisti Şəfiqə Məmmədovaya mükafatlar təqdim edildi.

Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin 26 dekabr 2014-cü il tarixli əmrinə əsasən "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunmuş şəxslər də mükafatlandırıldılar.

Təltif olunanlardan Xalq artisti Şəfiqə Məmmədova, Rəfiqə Cəfərova, xalq artistləri Könül Xasıyeva, Ənvər Sadıqov və digərləri çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirdilər.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 6 may.- S. 5.