“Nabat” filmi “Ən yaxşı rejissor” mükafatına layiq görülüb

“Nabat” bədii filmi İranda keçirilən 33-cü Fəcr beynəlxalq kinofestivalının “Şərq panoramı” müsabiqə proqramında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, mükafatın təqdimolunma mərasimində filmin yaradıcı heyəti iştirak edib.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2014-cü ildə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və başqaları canlandırıblar.

 

Mədəniyyət.- 2015.- 6 may.- S. 5.