Tarix nəticə çıxarmaq üçündür

 

Mayın 6-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU ) faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə tədbir keçirilib.

 

Universitetin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov Azərbaycan xalqının 1941-1945-ci illər müharibəsində göstərdiyi rəşadətli döyüş əzminə gerçək mövqedən yanaşmanın vacibliyini qeyd edib: Tarix olub-keçənlər deyil, ondan nəticə çıxarmaq üçündür.

İctimai fənlər kafedrasının dosenti, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı bildirib ki, müharibə dövründə Azərbaycan ən qüdrətli cəbbəxana funksiyası daşıyıb, döyüşən orduya hava-su kimi lazım olan neft və neft məhsullarının 80 faizindən çoxu Bakı neftçiləri tərəfindən istehsal edilib.

Tədqiqat və inkişaf şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Xaləddin İbrahimli Azərbaycanlılardan ibarət legion diviziyalarının fəaliyyətinə yeni baxış mövzusunda məruzə edib. Onun fikrincə, Sovetlər Birliyi dağılandan sonra imkan yarandı ki, alternativ tarixşünaslıq yaransın: 1941-ci ildə Azərbaycan əhalisinin ümumi sayı müvafiq sənədlərə görə 3,4 milyon nəfər olub. Onlardan 681 min nəfəri cəbhəyə göndərilib. Sovet tarixşünaslığı 1942-ci ilə qədər 510 min nəfərin əsir düşdüyünü bildirir. Bunlardan 50 min nəfərin azərbaycanlı olduğu göstərilir. II Dünya müharibəsində yaradılan milli legionlar bolşevizmlə faşizm arasında qalmışdılar.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 8 may.- S. 10.