Dünya musiqisevərlərinin qəlbini fəth etmiş bəstəkar

 

Mayın 6-da Niyazinin mənzil-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubu və Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli rus bəstəkarı, dirijor, pedaqoq Pyotr Çaykovskinin 175 illiyinə həsr edilən tədbir keçirildi.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq bu yaxınlarda Rusiyanın Klin şəhərində P.Çaykovskinin 175 illiyinə həsr edilən elmi-praktik konfransda iştirakından danışdı. Bəstəkarın dünya musiqi xəzinəsinə daxil olan əsərlərinin ona böyük şöhrət gətirdiyini vurğuladı.

Muzeyin şöbə müdiri Xanım Abdinova P.Çaykovskinin həyat və yaradıcılığı haqqında məlumat verdi. Bildirdi ki, P.Çaykovski dünya auditoriyasının qəlbini fəth etmiş ilk rus bəstəkarı kimi musiqi tarixinə yeni səhifələr yazıb. Bəstəkar 10 operanın, 3 baletin, 7 simfoniyanın - ümumilikdə 80-dən çox əsərin müəllifidir.

Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktor müavini K.A.Valentinoviç çıxış edərək P.Çaykovskinin bütün dünyada olduğu kimi, Azərbaycanda da sevilməsindən məmnunluğunu ifadə etdi, tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. Tədbir bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam etdi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 8 may.- S. 15.