Bölgələrdə zəfər soraqlı tədbirlər

 

Mayın 6-da Astara rayon Mərkəzi kitabxanasında Qələbənin 70 illiyi ilə bağlı müharibə veteranları ilə görüş keçirilib. MKS-nin direktoru Tural Eyvazov diqqətə çatdırıb ki, bu müharibədə astaralılar da qəhrəmanlıqlar göstəriblər. Onlardan Ziya Bünyadov, Mirzə Cəbiyev və İlya Kaverin Sovet İttifaqı Qəhrəmanı adına, Ağahəsən Nəhmətov və Rəhmət Hətəmov “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülüb. MKS-nin direktor müavini İlyas Məmmədov, müharibə veteranlarından Sərvər Tarverdiyev, Salman Məmmədov çıxış ediblər. Veteranlara hədiyyələr təqdim olunub.

* * *

Mayın 6-da Quba rayon MKS-nin Mərkəzi kitabxanasında “Tarixin yaddaşı silinmir” adlı dəyirmi masa keçirilib. MKS-nin direktoru Saməddin Nəsirov bildirib ki, Böyük Vətən müharibəsi Azərbaycan xalqına da böyük itkilər gətirib, cəbhəyə gedən 600 mindən çox insanın yarısı qayıtmayıb. Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatı Quba rayon şöbəsinin sədri Ələsgər Qubatov “Unutsaq, unudularıq” adlı məruzə ilə çıxış edib.

* * *

Şəki şəhər İ.Nakam adına Mərkəzi kitabxanada “Qələbə -70” mövzusunda Böyük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Veteranlar Cəmiyyətinin üzvü Vaqif Kərimov, Şəki Veteranlar Şurasının sədri N.Əhmədov, I qrup əlil N.Hüseynov və digər çıxış edənlər müharibənin dəhşətlərindən, arxa cəbhədə qadınlarımızın qəhrəmanlıqlarında danışıblar. Şəki Veteranlar Şurasının sədr müavini, şair-publisist Şahid Məmmədkərimov şeirini oxuyub.

* * *

Mayın 5-də Ağsu rayon Mərkəzi kitabxanasında faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş tədbir təşkil olunub. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Cavanşir Şeydazadə ağsuluların Böyük Vətən müharibəsində iştirakından danışıb.

Ağsu Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatının sədri Cəmaləddin Zeynalov, üzvlərdən Gülbala Həsənov, Vahid Atakişiyev, Səfa Məmmədov və Mərkəzi kitabxananın direktoru Cəbrayıl Bədəlov döyüş xatirələrindən söhbət açıblar.

* * *

Ağcabədi rayon Mərkəzi kitabxanasının əməkdaşları tərəfindən rayon Mədəniyyət evində “Müharibə şairlərin gözü ilə” adlı tədbir təşkil edilib. MKS-nin direktoru İradə Allahverdiyeva, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rza Quliyev, MKS-nin direktor müavini Təranə Məmmədova və başqaları çıxış ediblər. Həmçinin Böyük Vətən müharibəsi veteranı Xəlil Xəlilovla şəhər 1 saylı orta məktəbin müəllim və şagird kollektivinin görüşü keçirilib.

* * *

Mayın 4-də Qazax rayon Mərkəzi kitabxanasının oxu zalında “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” adlı tədbir keçirilib. MKS-nin direktoru Solmaz Babanlı əlamətdar tarixlə bağlı videoçarxın hazırlandığını bildirib. Çıxışdan sonra iştirakçılar videoçarxa baxıblar.

 

Mədəniyyət.- 2015.- 8 may.- S. 13.