«Rixos» hotellər şəbəkəsinin Bakıda regional ofisi yaradılıb

 

 «Rixos» beynəlxalq lüks hotellər şəbəkəsi Bakıda fəaliyyət göstərəcək yeni regional ofisinin təqdimatını keçirib. Yeni regional ofis Azərbaycan və Gürcüstanda yerləşən hotelləri təmsil edəcək. Hotellərin siyahısına Azərbaycanda «Rixos Quba Azerbaijan», «Şamaxı Palace Platinum By Rixos», «Naftalan Hotel by Rixos» və Gürcüstanda «Rixos Borjomi» daxildir. Regional ofis sayəsində bu hotellərdən başqa, dünyanın hər bir yerindəki «Rixos» hotellərində yer bron etmək mümkün olacaq.

Regional ofisin təqdimatı çərçivəsində mayın 1-də «Rixos Quba Azerbaijan» hotelinə infotur təşkil olunub. İnfoturda Azərbaycanda yerləşən bir neçə səfirliyin, yerli və xarciq şirkətlərin nümayəndələri, turizm və media təmsilçiləri iştirak ediblər. Qonaqlar hotel və burada göstərilən xidmətlərlə yaxından tanış olduqdan sonra «Rixos» hotellərinin rəhbərləri ilə görüş keçiriblər. İştirakçılara gənc caz ifaçısı Ülkər Əliyevanın konserti təqdim olunub.

Qeyd edək ki, 2000-ci ildə Türkiyədə qurulan «Rixos» hotellər şəbəkəsi hazırda Avropada, Yaxın Şərqdə, Afrikada və Asiyada 30-dan çox hotellə təmsil olunur.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 8 may.-  S. 10.