Yaddaş körpüsü

 

9 May tarixi bütün bəşəriyyət tərəfindən faşizm üzərində Qələbə Günü kimi qeyd olunur. Bəşər tarixinin ən qanlı müharibəsi olan İkinci Dünya müharibəsində 50 milyondan çox insan həlak olmuş, milyonlarla insan yaralanmış, şikəst olmuş, itkin düşmüş, əsir düşərgələrində işgəncə və zülmlərə məruz qalmışdır. Minlərlə şəhər, kənd, qəsəbə dağıdılmışdır.

 

1941-1945-ci illər müharibəsində 600 mindən çox Azərbaycan oğlan və qızları cəbhəyə yollanıblar. Onların yarısı müharibədən qayıtmayıb. Qısa bir müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olundu. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçdilər. Azərbaycandan 121 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, 30 nəfər Şərəf ordeni ilə təltif olundu.

Respublika iqtisadiyyatı, sənaye müəssisələri bütünlüklə cəbhəyə səfərbər olmuşdu.

Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz döyüşən ordunu yanacaqla təmin edirdilər. Müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları vermişdilər. Qətiyyətlə demək olar ki, faşizm üzərində qələbənin qazanılmasında Bakı nefti əsas amillərdən biri oldu. Azərbaycanın digər sərvətləri də cəbhə üçün sərf olunurdu. Qadınlar döyüşçülər üçün yundan corab, əlcək, köynək toxuyur, bəzək əşyalarını müdafiə fonduna verirdilər. Kolxozçular ordunu ərzaqla təchiz edirdilər.

Bu müharibə Azərbaycan xalqının fədakarlığını, qəhrəmanlığını bir daha sübut etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: 1941-45-ci illər Azərbaycan xalqının tarixində də çox görkəmli yer tutur, xalqımızın tarixinin parlaq səhifələrindəndir. Biz bunları böyük hörmət və ehtiramla xatırlamalıyıq. Bu dövrün insanlarını - həm həmin dövrdə döyüşən, həlak olanları, cəbhədə yaralananları, həm də rəşadət göstərib bu gün yaşayanları həmişə xatırlamalı, onlara böyük hörmət və ehtiramımızı bildirməliyik.

Hər il ölkəmizdə Qələbə Günü təntənə ilə qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev veteranlarla görüşür, onları təbrik edir. Ölkə Prezidentinin 23 fevral 2015-ci il tarixli sərəncamı ilə 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı təsdiq edilib. Dövlət başçısı həmçinin veteranların 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubiley medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qələbənin 70 illik yubileyi ilə bağlı mədəniyyət ocaqlarında da müxtəlif tədbirlər, sərgilər keçirilir. Azərbaycan İstiqlal Muzeyinin əsas vəzifələrindən biri də gənclərə vətənpərvərlik ruhunu aşılamaqdır. Muzey ekspozisiyasının və burada təşkil olunan sərgilərin əsas mövzusu qəhrəmanlıq və vətənpərvərlikdir. Muzeydə II Dünya müharibəsi illərində Azərbaycan xalqının fədakarlığını əks etdirən daimi ekspozisiya fəaliyyət göstərir. Əməkdaşlarımızın gərgin əməyi sayəsində bu mövzuya həsr olunan 700-dən artıq eksponat toplanmışdır, 100-ə yaxın eksponat ekspozisiyada nümayiş olunur. Bunlar II Dünya müharibəsi ilə bağlı orden və medallar, qəhrəmanların şəxsi əşyaları, fotoşəkillər, rəsm əsərləri, kitablardır.

Bu il Azərbaycan İstiqlal Muzeyi Moskvada Böyük Vətən Müharibəsi Muzeyi tərəfindən təşkil olunan beynəlxalq layihədə - Nasizmlə mübarizədə birlikdə idik adlı sərgidə iştirak edir. Sərginin məqsədi faşizm üzərində qələbədə bütün keçmiş Sovet İttifaqı respublikalarının töhfələrini təqdim etməkdir. 28 apreldə açılan sərgidə Azərbaycan İstiqlal Muzeyinin 47 eksponatı nümayiş olunur.

İstiqlal Muzeyinin ekspozisiyasında 1941-45-ci illər mövzusuna həsr olunan Yaddaş körpüsü adlı sərgi də təşkil edilib. Sərgidə muzeydə saxlanılan plakat kolleksiyası və müharibə dövrünü əks etdirən əşyalar tamaşaçılara təqdim olunur. Müharibələr dağıntılar, kədər və göz yaşları deməkdir və bəşəriyyət üçün bir dərs olmalıdır. Bu sərgi də tarixi məkanda gələcək üçün bir yaddaş körpüsüdür.

 

Fəridə Şəmsi,

Azərbaycan İstiqlal Muzeyinin direktoru

 

Mədəniyyət.- 2015.- 8 may.- S. 15.