Adil İsgəndərovun xatirəsi yad edilib

Mayın 5-də görkəmli teatr və kino xadimi, SSRİ Xalq artisti Adil İsgəndərovun anadan olmasının 105 illiyi münasibətilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının kollektivi Fəxri xiyabanda unudulmaz sənətkarın xatirəsini yad ediblər.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Əməkdar artist Elxan Qasımov çıxış edərək Azərbaycan teatr və kino tarixində böyük xidmətləri olan Adil İsgəndərovun yaradıcılığına nəzər salıblar. Qeyd olunub ki, Adil İsgəndərov həm aktyor, həm rejissor, həm pedaqoq, həm də kinostudiyanın rəhbəri kimi milli kadrların hazırlanmasında, milli filmlərin çəkilməsində əvəzsiz rol oynayıb. Qırx ilə yaxın teatrımızın, ekran sənətimizin inkişafına xidmət etmiş bu böyük şəxsiyyət bütün yaradıcı fəaliyyətini milli-mənəvi dəyərlərimizin qorunmasına yönəldib. Azərbaycan teatr və kino sənəti durduqca görkəmli sənətkarın yaratdığı obrazlar yaşayacaq.

Adil İsgəndərovun ailəsi adından çıxış edən qardaşı oğlu Elxan İsgəndərov sənətkarın xatirəsini yad etdiklərinə görə “Azərbaycanfilm” kinostudiyasının və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının rəhbərliyinə, ziyarətə gələnlərə minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2015.- 8 may.- S. 5.