Filmlərin bədii tərtibat ustası

 

Milyonların ruhunu, zövqünü oxşayan filmlərdə kino rəssamlığının müstəsna yeri var. Bu sahədə uğurlara imza atan görkəmli fırça ustalarımızdan biri də Əməkdar rəssam Cəbrayıl Əzimov olub.

 

Cəbrayıl Əlimuxtar oğlu Əzimov 1926-cı il mayın 7-də Bakıda neftçi ailəsində dünyaya göz açıb. Uşaqlığı dolanışığın çətin, gəncliyi isə dövrün məşəqqətli vaxtlarına təsadüf edib. 1941-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur və tələbə ikən kitablara illüstrasiyalar çəkir. 1947-ci ildən təhsilini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun filmin təsvir-dekorasiya tərtibatı fakültəsində davam etdirir. Burada sovet kinosunun görkəmli rəssamları F.Boqorodski, Y.Pimenov və T.Şeqaldan sənətin incəliklərini öyrənir.

Vətənə döndükdən sonra “Bakı” kinostudiyasında fəaliyyətə başlayır, 10-dan artıq bədii filmin quruluşçu rəssamı olur.

Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə araşdırmasında yazır ki, Cəbrayıl Əzimovun müxtəlif filmlərə çəkdiyi eskizlərdə, yaratdığı dekorasiyalarda onun peşəkar kino rəssamı olduğu dərhal nəzərə çarpır.

Məsələn, “Görüş” (rejissor Tofiq Tağızadə, 1955) filmində tərtibat işlərinin yüksək səviyyədə qurulduğu maraq doğurur. Burada əsasən natura çəkilişlərindən istifadə olunub. Dekorasiyalar (otaqlar, otaqlardakı əşyalar, mebellərin yerləşdirilməsi, işıq effektləri) çox gözəl əhval-ruhiyyə yaradır və qəhrəmanların zövqünü ifadə edir.

Lətif Səfərovun “Qızmar günəş altında” filmində (1957) də əksər səhnələr naturada lentə alınıb. İnteryerlər isə pavilyonda hazırlanıb. Onu da qeyd edək ki, natura seçiminə rejissor, operator və rəssam birgə gedirlər. Çünki çəkiliş üçün rəssam daha yaxşı, daha münasib yer seçə bilir. Təsadüfi deyil ki, o vaxt filmin çəkilişi üçün çay plantasiyaları və limon bağları ilə gözoxşayan Astara rayonunu rəssam C.Əzimov təklif edib.

Rejissor Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” filmində (1956) rəssam işi çox yüksək səviyyədədir. Natura çəkilişləri filmin əsasını təşkil edir. Filmin bədii tərtibatı üzərində C.Əzimov rəssam N.Zeynalovla birgə işləyib.

Hər iki rəssam dövrlə bağlı səhnələrdə hadisələrin təbii və inandırıcı çıxması üçün bir tədqiqatçı kimi xeyli axtarış aparıblar. Kinoşünasların fikrincə, filmdə bazar səhnəsinin eskizləri sənətkarlıqla işlənib. Tamaşaçıda dövrün reallıqları, insanların həyat tərzi barədə inandırıcı və maraqlı təsəvvür yaradır. Rəssamların filmdəki işləri - “Məşədinin dükanı”, “Rüstəm bəyin həyəti”, “Qonaqlıq səhnəsi”, “Hamam”, “Toy səhnəsi” və s. bu gün də tamaşaçıların zövqünü oxşayır. C.Əzimovun işinə yaradıcı münasibəti kino aləmində onu tanıdır və sevdirir. Çox keçmir, fəaliyyəti hökumət tərəfindən yüksək qiymətləndirilir, 1964-cü ildə “Əməkdar rəssam” fəxri adına layiq görülür.

Rejissor Muxtar Dadaşovun ekranlaşdırdığı “Qanun naminə” (1968) kinopovesti C.Əzimovun son filmi olur. Görkəmli sənətkar yaradıcılığının coşqun çağında, 1968-ci ildə 42 yaşında faciəli şəkildə dünyasını dəyişib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 13 may.- S. 13.