"Elektron Hökumət"in may sayı təqdim olunub

 

Portala GoMap sistemi üzrə dörd yeni məlumat bazası əlavə edilib

 

"Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Elektron Hökumət" bülleteninin may sayının təqdimatı üzrə brifinq keçirilib. Tədbirdə yerli icra hakimiyyəti orqanlarında vahid elektron sistemin yaradılması haqqında ölkə Prezidentinin fərmanı üzrə görülən işlərdən bəhs olunub və Elektron Hökumət quruculuğu üzrə Mədəniyyət və Turizm Nazirliyinin xidmətləri xüsusi vurğulanıb.

Nazirliyin Texniki təchizat şöbəsinin müdir müavini Qabil Abbasov Nazirlər Kabinetinin 6 aprel 2015-ci il tarixli, 102 nömrəli qərarına əsasən mədəniyyət sahəsində elektron məlumat sisteminin təşkili ilə bağlı təsdiq olunmuş qaydalara əsasən görülən tədbirlərdən danışıb, bu tədbirlər çərçivəsində 4 elektron servisin data.gov.az portalında yerləşdirildiyini, 2 mobil tərtibatın istifadəyə verildiyini bildirib. O, 2008-ci ildə qurulmasına start verilən ölkəmizdə ilk GoMap elektron xəritəsinin texniki aspektlərindən bəhs edərək "Elektron Hökumət" portalı tərəfindən vətəndaşlara təqdim edildiyini deyib.

GoMap coğrafi informasiya sistemini əhatə edən açıq servislər aşağıdakılardır:

- Obyekt axtarışı üzrə məlumatların əldə olunması;

- Verilmiş məntəqənin radiusunu daxil etməklə ətrafında olan mülklərin axtarışı;

- İki məntəqə arasında avtomobil marşrutunun qurulması;

- Ünvan axtarışı üzrə məlumatların əldə olunması.

 

Belə xidmətlərin sayının 40-a çatdırılması planlaşdırılır.

 

Mədəniyyət.- 2015.- 13 may.- S. 10.