Avropa Oyunları turizm sektoruna böyük təkan olacaq

 

Bu il ölkəmizə gələn turist sayının 3 milyonu keçəcəyi gözlənilir

 

Birinci Avropa Oyunları Azərbaycana dividentlər gətirəcək. Bu, xüsusilə turizm sahəsində daha çox hiss ediləcək. Azərbaycan Turizm və Menecment Universtetinin tədris işləri üzrə prorektoru Eldar Aslanovun sözlərinə görə, ölkədə ilboyu turizmi inkişaf etdirməyin əsas yollarından biri də müxtəlif beynəlxalq tədbirlərin keçirilməsidir. Azərbaycan hər il müxtəlif forum və festivallara, beynəlxalq yarışlara ev sahibliyi edir. Həmin tədbirlər Azərbaycanda yaradılmış infrastrukturun səmərəli istifadə edilməsi üçün lazımdır. Bu tədbirlər yeni konqres mərkəzləri, sərgi salonları, meydança və digər idman arenalarında keçirilir. İyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunları turist cəlb etmək üçün müstəsna əhəmiyyət daşıyır.

Ekspert hesab edir ki, bu tədbirlər maddi baxımdan da ölkəmizin iqtisadiyyatı üçün böyük təsirə malikdir. O, fikirlərini Dövlət Statistika Komitəsinin ötən ilin turist statistikasının nəticələri ilə əsaslandırır: 2014-cü ilin nəticələrinə görə, Azərbaycanda turizm gəlirlərindən 2 milyard 404 milyon dollarlıq dövriyyə var. Bunun isə Ümumi Daxili Məhsulda payı 4,1 faizdir. Əgər 10 il əvvələ nəzər yetirsək, bu, təxminən 1 faiz idi.

Eldar Aslanov 1-ci Avropa Oyunlarının Azərbaycanın təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini də diqqətə çatdırır: Avropa Oyunları dünyanın dörd bir yanında canlı yayımla izlənəcək. Mindən çox jurnalist Azərbaycanda keçirilən müxtəlif idman növləri barədə reportaj yayımlayacaq. Fasilələr zamanı reklam çarxlarında Azərbaycanın mətbəxi, turizm potensialı ilə bağlı bilgilər nümayiş etdiriləcək. Bu, Azərbaycanın kifayət qədər tanınması deməkdir. Nəinki bu il, eləcə də növbəti illərdə turistlərin ölkəmizə axınına gətirib çıxaracaq.

Prorektor deyir ki, 1-ci Avropa Oyunları Azərbaycan turizminə marağı daha da artıracaq. Onun sözlərinə görə, 2012-ci ildə keçirilən Eurovision musiqi yarışması Azərbaycan turizmində yeni bir dövrə gətirib çıxardısa, 1-ci Avropa Oyunları bu dövrün daha da inkişaf etməsinə səbəb olacaq: Əminəm ki, Avropa Oyunlarının təsiri nəticəsində bu il ölkəmizə gələn turistlərin sayı 3 milyonu keçəcək. Növbəti illərdə isə turizm sektorunun hədəfləri daha da böyüyəcək.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 13 may.- S. 9.