Kitablarımız Tehranda beynəlxalq sərgidə nümayiş olunub

 

Tehranda 28-ci beynəlxalq kitab sərgisi keçirilir. Mayın 16-dək davam edəcək sərgidə Rusiya, Türkiyə, Pakistan, Fransa, Yaponiya və digər ölkələrlə yanaşı, Azərbaycan da təmsil olunub.

Sərginin Azərbaycan bölməsinin stendi Azərbaycan Milli Kitabxanası və ölkəmizin İrandakı səfirliyi tərəfindən hazırlanıb. Guşədə Milli Kitabxananın Tehrana ezam olunmuş elmi işlər və beynəlxalq əlaqələr üzrə direktor müavini Mələk Hacıyevanın gətirdiyi 200 və səfirliyin təqdim etdiyi 100 kitab nümayiş etdirilib.

Sərgidə Prezident İlham Əliyevin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında 2004-cü il 12 yanvar tarixli sərəncamı ilə çap olunan Klassik Azərbaycan ədəbiyyatı, Müasir Azərbaycan ədəbiyyatı, Azərbaycan xalq ədəbiyyatı, Azərbaycan dili və tarixi, Ədəbiyyat antologiyası seriyasından kitablar maraqla qarşılanıb. Həmin kitabların 25 min tirajla çap edilərək Azərbaycan kitabxanalarına hədiyyə olunması dünya kitabxana təcrübəsində bir örnək olaraq qiymətləndirilib. Heydər Əliyev Fondunun Azərbaycanın mədəniyyətinə, musiqisinə, dekorativ sənətinə dair çap etdirdiyi nəfis tərtibatlı kitablar və Mədəniyyət və Turizm Nazirliyinin nəşrləri də sərgi iştirakçılarının marağına səbəb olub.

 

Mədəniyyət.- 2015.- 13 may.- S. 6.