Məktəblilər üçün muzey həftəsi

Proqram çərçivəsində 5 minədək şagird paytaxtın 15 muzeyi ilə tanış olacaq

 

Mayın 12-də Azərbaycan Milli İncəsənət Muzeyində “Məktəblilər üçün muzey həftəsi - muzeylər və ekologiya” proqramının təqdimatı keçirilib.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə birgə həyata keçirilən proqram barədə məlumat verib. Bildirilib ki, mayın 12-dən 18-dək davam edəcək proqram üzrə məktəblilərin Bakı şəhərində fəaliyyət göstərən 15 muzeyə ekskursiyaları təşkil olunacaq. 18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunan proqramın məqsədi məktəbliləri muzeylərin kolleksiya fondunun ekoloji, davamlı inkişaf konsepsiyası və etnoqrafik aspektləri ilə tanış etməkdir.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva layihə çərçivəsində məktəblilərin ölkəmizin mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmalarının onların şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayacağını vurğulayıb. O, layihənin həyata keçirilməsində göstərdikləri dəstəyə görə Təhsil, Mədəniyyət və Turizm nazirliklərinə, Milli İncəsənət Muzeyinə minnətdarlığını bildirib.

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin beynəlxalq əməkdaşlıq və mədəni əlaqələr şöbəsinin müdiri Anar Quliyev, Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova çıxış edərək proqramın əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən bu il əlamətdar gün “Muzeylər və cəmiyyətin davamlı inkişafı” mövzusuna həsr edilib.

Qeyd olunub ki, proqram çərçivəsində şagirdlər ölkəmizin qədim tarixi, milli mənəvi dəyərlərimiz barədə daha ətraflı məlumatlar əldə edəcəklər. Nəzərə çatdırılıb ki, mayın 16-dan 18-dək Beynəlxalq Muzeylər Günü münasibətilə ölkəmizdəki bütün muzeylərdə “açıq qapı” günləri keçiriləcək.

Sonra Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultanzadə təqdimatla çıxış edib və proqram barədə ətraflı məlumat verib. Bildirilib ki, “Məktəblilər üçün muzey həftəsi - muzeylər və ekologiya” proqramı çərçivəsində paytaxtın müxtəlif məktəblərindən 5 minədək şagird Bakıdakı 15 muzeyin tarixi, etnoqrafik-mədəni ekspozisiyası barədə ətraflı məlumatlar ala biləcək. Tanışlıq zamanı eko-etnoqrafik əlaqələrə xüsusi diqqət yetiriləcək, muzeylərin kolleksiya fondunda olan əsərlər vasitəsilə insanla ətraf mühit arasında münasibətlər öyrəniləcək. Proqram üçün mərkəzin metodistləri tərəfindən xüsusi interaktiv marşrutlar təyin edilib və ekoloji mövzular seçilib.

Sonda tədbirdə iştirak edən məktəblilər Milli İncəsənət Muzeyindəki ekspozisiyalarla tanış olublar.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 13 may.- S. 3.