Polşada təbliğat sərgisi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Polşada Heydər Əliyev polyakların gözü ilə adlı sərgi keçirib.

Varşava şəhərinin iki əsas hərəkətli küçəsində təşkil olunan sərgidə Bakı-2015 I Avropa Oyunları ilə bağlı materiallara da geniş yer verilib. Sərgiyə gələn polyaklara Avropa Oyunları ilə bağlı müxtəlif rekvizitlər (papaq, köynək, idman dəsti, buklet, reklam çapları və s.) hədiyyə olunub. Ümumilikdə 30-dan artıq eksponat şəhərin iki hərəkətli küçəsində polyaklara təqdim edilib. Bundan başqa, Bakı-2015 ilk Avropa Oyunları haqqında 300-dək disk, üzərində Bakı-2015 ilk Avropa Oyunları yazısı olan 100-dək papaq və mayka, Bakı-2015 yazısı olan 20 ədəd fincan, Azərbaycan haqqında 500-dək buklet, 50-yə yaxın parça və elektron bayraqlar iştirakçılara paylanılıb.

Sərginin təşkilatçıları Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Polşa nümayəndəliyinin rəhbəri Anar Məmmədov və ASGA Polşa nümayəndəliyinin bir sıra üzvləridir. Layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilib.

 

Mədəniyyət.- 2015.- 15 may.- S. 9.