Britaniya jurnalının növbəti sayı Bakı-2015ə həsr edilib

Böyük Britaniyada nəşr edilən Diplomat jurnalının may-iyun nömrəsi Bakı-2015 birinci Avropa Oyunlarına həsr edilib. Ölkəmizin Böyük Britaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə hazırlanan xüsusi buraxılışda gənclər və idman naziri Azad Rəhimovla müsahibə, eləcə də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hiki və Bakı-2015 I Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleqqin yazıları yer alıb. Həmçinin səfir Tahir Tağızadənin bu idman hadisəsinin əhəmiyyəti barədə oxuculara xüsusi müraciəti və jurnalın redaktoru V.Kuffelerin yazısı dərc edilib.

Xüsusi nəşrdə Azərbaycanın beynəlxalq olimpiya hərəkatında iştirakı və indiyədək əldə etdiyi nailiyyətlər, eləcə də Bakı-2015in qrafiki, yeni tikilən idman qurğuları, yenilənən infrastruktur və yarışlarda iştirak edəcək idmançılar haqqında ətraflı məlumatlar verilib.

1948-ci ildə təsis edilmiş Diplomat jurnalının əsas oxucuları Londondakı diplomatik korpusun nümayəndələri, Britaniya və Avropa parlamentlərinin üzvləri, digər vəzifəli şəxslərdir.

 

Mədəniyyət.- 2015.- 15 may.- S. 9.