Kitablarımız Turin beynəlxalq sərgisində

Azərbaycan sərgidə “Xüsusi qonaq ölkə” kimi iştirak edir

 

Mayın 14-də İtaliyanın Turin şəhərində Azərbaycanın “Xüsusi qonaq ölkə” kimi iştirak etdiyi beynəlxalq kitab sərgisi açılıb. Sərgidə ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

 

Açılış mərasimində çıxış edən İtaliya Respublikasının Prezidenti Sergio Mattarella beynəlxalq sərginin əhəmiyyətindən danışaraq, dünya kitabsevərlərinin bu tədbir vasitəsilə bir araya gəldiyini vurğulayıb.

Sərgidə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülmüş 50 kvadratmetr sahədə ölkəmizin stendi qurulub. Qız qalasının, İçərişəhərin qala divarlarının dizaynına uyğun hazırlanan Azərbaycan stendi orijinal tərtibatı ilə diqqət çəkir.

Burada Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dəstəyi ilə nəşr olunmuş, ölkəmizin zəngin mədəniyyətini, turizm potensialını, Qarabağ həqiqətlərini əks etdirən 300-dən çox nəfis tərtibatlı kitab nümayiş olunur. Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətləri haqqında nəşrlər də sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır.

Azərbaycan pavilyonunda “Bakı-2015” ilk Avropa Oyunlarına xüsusi yer ayrılıb. Ziyarətçilərə yarışlar haqqında məlumatları əks etdirən təbliğat materialları, ölkəmiz haqqında reklam-çap materialları təqdim olunur. Pavilyonda quraşdırılan monitorda bu mötəbər idman tədbiri ilə bağlı videoçarx nümayiş etdirilir. Bildirilir ki, Azərbaycanda ilk Avropa Oyunlarına hazırlıq çərçivəsində qısa vaxtda ciddi işlər görülüb. Ölkəmizdə müasir üslubda tikilən Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı və digər müasir idman obyektləri atletləri qəbul etməyə tam hazırdır.

İtaliyanın “Sandro Teti Editore” nəşriyyat evinin stendində sərgilənən Azərbaycanla bağlı kitablar da tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanır.

Sərgi zəngin milli mədəniyyətimizin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işlərinin dünyaya çatdırılması üçün də mühüm vasitədir. Tədbir çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti, beynəlxalq münasibətləri və digər mövzularda italyan dilində işıq üzü görmüş kitabların təqdimatı nəzərdə tutulub.

Qeyd edək ki, sərgidə Azərbaycanın “Xüsusi qonaq ölkə” olması münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xüsusi tədbir də təşkil olunacaq. Nümayəndə heyətimizin bir sıra görüşlər keçirməsi gözlənilir. Sərgi mayın 18-dək davam edəcək.

Mədəniyyət.- 2015.- 15 may.- S. 2.