Mexikoda beynəlxalq festivalda Azərbaycan guşəsi

Meksikanın paytaxtı Mexiko şəhərində VII dost ölkələrin mədəniyyət yarmarkası (Feria de las Culturas Amigas) keçirilir. Yarmarkada Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizin Meksikadakı səfirliyi də təmsil olunur.

Mexikonun tarixi mərkəzi olan Zocalo meydanında təşkil edilən yarmarkada 94 ölkənin və beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir. Azərbaycan üçün ayrılmış ərazidə milli suvenirlər, xalçalar, ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi, Bakıda keçiriləcək Avropa Oyunları haqda məlumatlar, həmçinin ölkəmiz haqda məlumatlar və videoçarxlar, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə xəritələr nümayiş etdirilir, ziyarətçilərə broşürlər, üzərində Azərbaycan - Odlar diyarı yazılmış köynəklər, idman geyimləri, qolbağılar və digər əşyalar, milli şirniyyatlar təqdim edilir.

Mexiko sakinləri və çoxsaylı turistlər tərəfindən Azərbaycan guşəsinə böyük maraq göstərilir. Yarmarkanın ilk günü Ermənistan üçün ayrılmış ərazidə "Böyük Ermənistan"ı əks etdirən xəritə yer alıb. Azərbaycan səfirliyinin səyləri nəticəsində xəritə təşkilatçılar tərəfindən götürülüb. Yarmarka mayın 24-dək davam edəcək.

 

Mədəniyyət.- 2015.- 20 may.- S. 8.