Multikulturalizmin vəd etdiyi həqiqətlər

Forumun ilk günündə keçirilən seminarlardan biri “Multikulturalizm: gələcək vəd edən həqiqətlər” mövzusunda idi.

 

Tədbirə moderatorluq edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev mövzunun aktuallığını qeyd etdi. Bildirdi ki, ölkələr multikultural təhlükəsizliyini düzgün qura bilsələr, onların siyasi, iqtisadi, mədəni həyatında təhlükəli məqamlar daha az olar. Azərbaycan bu gün özünün multikultural təhlükəsizliyini təmin etməyə çalışan ölkədir. Bu bizim həyatımızın müxtəlifliyindən, zənginliyindən, millətlərin bu ölkədə qardaş kimi yaşamasından irəli gəlir.

Dünya şöhrətli rəssam, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov doğma şəhərində belə bir forumun keçirilməsindən mənən qürur duyduğunu söylədi. Ölkə Prezidentinin incəsənətə, yaradıcı gəncliyə diqqət və qayğısından söz açan fırça ustası qeyd etdi ki, bu gün Azərbaycan rəssamları dünya incəsənət proseslərinin fəal iştirakçısına çevriliblər. Tahir Salahov bu istiqamətdə YARAT Müasir İncəsənət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi.

UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura Bakı Forumunun əhəmiyyətini vurğuladı. Bildirdi ki, mədəniyyət təkcə musiqi, incəsənətlə bağlı deyil. Forum mədəniyyətin qloballığını bir daha insanlara çatdırır.

Simon Viezental Mərkəzinin dekan müavini Ravvin Abraham Kuper müasir dünyada internetin gənclərin həyatında yarada biləcəyi təhlükəli məsələlərdən söz açdı.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycanın ev sahibliyi ilə son illər möhtəşəm tədbirlərin keçirilməsini yüksək dəyərləndirərək yaxın vaxtlarda Bakıda keçiriləcək birinci Avropa Oyunlarının əhəmiyyətini vurğuladı.

Seminarda İstanbul On Doqquz Mayıs Universitetinin kafedra müdiri Tahsin Görgün, Küveyt Xarici İşlər Nazirliyinin idarə rəisi Naser Alhayen və digər nümayəndələr çıxış etdilər.

 

Mədəniyyət.- 2015.- 20 may.- S. 7.