Gənclərin mədəniyyətlərarası dialoqa cəlb olunması

Mayın 19-da Forum çərçivəsində Gənclərin mədəniyyətlərarası dialoqa və müxtəlifliyə hörmətə cəlb olunması mövzusunda seminar keçirildi.

 

UNESCO-nun ictimai və humanitar elmlər sektorunun nümayəndəsi, seminarın moderatoru Əminə Həmşəri çıxış edərək Azərbaycan hökumətinə belə böyük tədbiri təşkil etdiyinə görə öz minnətdarlığını bildirdi, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının beynəlxalq mədəni əlaqələrin qurulması üçün unikal fürsət yaratdığını vurğuladı.

UNESCO-nun miqrasiya və mədəniyyətlərarası tədqiqatlar bölməsinin sədri Fathi Mansuri mədəniyyətlərarası dialoqun qurulmasında gənclərin rolunun danılmaz olduğunu vurğuladı: Bu prosesdə gənclərin fəal iştirakı təmin olunmalıdır. Müasir dövrdə onların yeni kommunikasiya vasitələrindən istifadəsi, sosial şəbəkələrdən düzgün istifadəyə yönəldilməsi vacib məsələlərdəndir.

Seminarda çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun müxtəlif mədəniyyətlərin qarşılıqlı inkişafı sahəsində böyük əhəmiyyətə malik olduğunu vurğuladı. Qeyd etdi ki, gənc nəslin inkişafında, müxtəlif mədəniyyətlərə hörmət ruhunda böyüməsində təhsilin böyük rolu var: Tədris prosesində tarixi öyrənən gənclərə nifrəti yox, bunlardan nəticə çıxarmağı, qarşılıqlı hörməti təbliğ etmək lazımdır. XXI əsr mədəni müxtəliflik, mədəniyyətlərarası münasibətlərdə qarşılıqlı hörmətə əsaslanmalıdır. Amma təəssüflər olsun ki, dünyanın müxtəlif yerlərində, o cümlədən bizim regionda münaqişələr yaşanır. Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin bir hissəsi işğala məruz qalıb, tarix və mədəniyyət abidələrimiz dağıdılıb.

Vasif Eyvazzadə qeyd etdi ki, dünyada yaşanan proseslər mədəniyyətlərarası dialoqun, qarşılıqlı hörmətə əsaslanan mədəni münasibətlərin qurulmasının vacibliyini göstərir. Bu işdə gənclərin mədəni müxtəlifliyə tolerant yanaşmalarını təmin etmək önəmli məsələlərdəndir.

Seminarda UNESCO-nun Rabat ofisinin milli koordinatoru Səlma Neqra, Anna Lindh Fondunun koordinatoru Nagla Abed, Librevil Gənclər Şəbəkəsinin regional koordinatoru Lourens Ndambuki Muli, UNESCO-nun Beyrutdakı ofisinin nümayəndəsi Maysun Çehabın məruzələri dinlənildi. Qeyd olundu ki, bir-birini dinləmək, əməkdaşlıq mədəniyyəti, münaqişələrin dinc yolla həll edilməsi, azlıqların hüquqlarının qorunması, müxtəlif mədəni qrupların ictimai həyatda fəal iştirakı - bütün bunlar mədəniyyətlərarası dialoqun tərkib hissəsidir.

 

Fariz

 

Mədəniyyət.- 2015.- 20 may.- S. 5.