Müştərək təhlükəsizlik mədəniyyətlərin paylaşılmasından keçir

Forumun mövzusu insanlar arasında təhlükəsizliyin, anlaşmanın yaranmasına xidmət edir

 

Mayın 17-də "Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq" devizi altında III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı mətbuat konfransı keçirildi.

 

Forumun əsasının 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə irəli sürülən "Bakı prosesi" ilə qoyulduğunu diqqətə çatdıran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, ölkəmizin belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsi təsadüfi deyil. Azərbaycanda fərqli milli, dini mənsubiyyəti olan icmalar, müxtəlif millətlərin nümayəndələri tarixən qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşayıb və bu gün də yaşayırlar.

Nazir vurğuladı ki, "Bakı prosesi" və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülh və əməkdaşlığın qorunmasına xidmət edir: "Azərbaycanda mədəniyyətlərin dialoq məsələsi hər hansı süni ideologiyaya söykənmir. Bu, xalqımızın tarixən malik olduğu mehriban birgəyaşama mədəniyyətidir və bizim milli dəyərlərimizdə bu faktor önəmli rol oynayır. Forum beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliğində ölkəmizin əhəmiyyətli rolunu bir daha təsdiqləyir.

Qeyd edildi ki, Prezident İlham Əliyevin təşəbbüsü olan Forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatı kimi beynəlxalq qurumları cəlb edən yeganə platformadır. Forum ölkəmizdə həyata keçirilən ən böyük mədəni layihələrdəndir. Tədbirə 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxslər, 50-yə yaxın ölkədən nazir, nazir müavinləri, nüfuzlu beyin mərkəzlərinin və media qurumlarının nümayəndələri - ümumilikdə beş qitənin 100-dək ölkəsindən 500-ə yaxın nümayəndəsi gəlib.

Azərbaycanın böyük tarixi keçmişə malik olduğunu söyləyən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Abdulaziz əl-Naser belə bir tədbirə himayədarlıq etdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi: "Bu tədbirin mövzusu insanlar arasında təhlükəsizliyin, anlaşmanın yaranmasına xidmət edir. Biz belə təşəbbüsləri daha da genişləndirməli və çalışmalıyıq ki, gənclər ekstremist və radikal məfkurənin qurbanına çevrilməsinlər".

UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Nada-əl Naşif Azərbaycana ilk dəfə səfər etməsindən və belə bir tədbirdə iştirakından məmnunluğunu ifadə etdi: "İki il əvvəl UNESCO ilə Azərbaycan arasında Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb. Bakı Forumu UNESCO üçün çox mühüm bir platformadır".

Ümumdünya Turizm Təşkilatının baş katibinin müavini Əbdül Qafar bildirdi ki, turizm sektorunun belə bir mühüm tədbirdə ayrıca təmsil olunması çox mühüm faktdır. İnsanlar arasında dialoqun formalaşmasında bu sektorun ayrıca payı var: "İl ərzində dünya üzrə 1,5 milyard insan səyahət edir. Yeni iş yerlərinin açılmasında, ölkələrin iqtisadi inkişafında bu səyahətlər çox böyük önəm daşıyır".

III Forumun maraqlı proqramı olduğunu söyləyən Britaniyanın Koventri Universitetinin inam, sülh və sosial əlaqələr mərkəzinin icraçı direktoru Mayk Hardi tədbir çərçivəsində mədəni hüquqlar, ekstremizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və s. mövzuların müzakirəsinin əhəmiyyətini vurğuladı.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2015.- 20 may.- S. 4.