Universal-teatral fenomen

 

Görkəmli rejissor və aktyor, teatrşünas və pedaqoq, tənqidçi və... “şəxsi nümunə”çi Mehdi Məmmədov...

 

Oxuduqlarıma, başqalarından eşitdiklərimə görə, o, elə ilk gəncliyindən öz “şəxs”i ilə ətraf “ümumi”yə nümunə imiş. Gördüklərimə görə isə, o, bütün tərzi-hərəkəti, oturuş-duruşu, gəliş-gedişi, danış-eşidişi ilə bütöv bir estet, nəticə etibarilə canlı universitet idi...

 

Bu böyük sənətkarı canlı və ya kino-tele lentlərdə görənlər bu an onun boy-buxun böyüklüyünü də göz önünə gətirsinlər ki, növbəti cümləmin fərqinə daha dərindən vara bilsinlər. Bəli, doğulduğu (22 may 1918) “təbii konservatorial-teatral Şuşa”dan ailəvi olaraq Bakıya köçən (1922) və 15 yaşında ikən Teatr Texnikumuna daxil olmaq istəyən Mehdini, “can-cəsəd çəlimsizliyi” səbəbindən qəbul etmirlər...

...Lakin bu çəlimsiz candakı -

 

Qədərsiz sənət eşqi!..

 

Yaxın gələcəkdə fəth edib əbədi sakini olacağı böyük teatr-sənət məbədinin ilk pilləsindən qaytarılan Mehdi elə həmin il Bakı Türk İşçi Teatrının yardımçı heyətinə qəbul edilir və burada necə sürətlə (həm mədəni, həm “bədən”i cəhətdən) inkişaf edib irəliləyirsə, növbəti il Bakı Teatr Texnikumuna qəbul edilib təhsilini uğurla başa vurur, 1935-ci ildə isə Moskvaya yollanıb, Teatr Sənəti İnstitutuna daxil olur.

Daha onun qarşısında heç bir maneə dura bilmir. Hətta bəzi məqamlarda və ümumən “yeni teatr fəlsəfəsi” məsələlərilə ilgili müddəaları ilə onun özü “maneə”yə çevrilir:

- aktyorun hər rola, hər obraza analitik baxış-təhlili mühüm, bəzən isə əsas prinsip kimi götürülməlidir;

- səhnədəki pauzaların daxili psixologizmi belə tamaşanın akkorduna işləməli, bu “bədii sükut”la tamaşaçının gələcəyi qənaətə nəsə pıçıldamalıdır;

- hətta ailə-məişət mövzulu əsərlərin də səhnə həllində ictimai motivlər fəlsəfi dərinliyin gur işığı ilə ziyalandırılmalıdır...

Bəli, bu kimi erudik-professional konsepsiyalar irəli sürən Mehdi Məmmədov hər şeyə “özündən başlamaq” prinsipilə yanaşır, səhnəyə qoyduğu tamaşalarda məzmun-forma vəhdətini möhtəşəm monumentallıqda təcəssüm etdirir, hətta tərtibatçı rəssamları “ikinci rejissor” kimi dəyərləndirirdi.

Dilimizdə, qələmimizdə “asılı olmayaraq” adlı bir “mod” da var ki, bunu onun hazırladığı səhnələrdə görmək olar. O, sənətin qəbul etdiyi hər bir komponentə mizan qapısı açır, janr, mövzu, müəllif, zaman-məkan “tip”lərinə heç bir fərq, ictimai-siyasi quruluş diqtə-tabularına, nümayişkaranə olmasa da, məhəl qoymurdu. Hamısında da - əbədiyyət bəstəli lirizm, inci-incə zəriflik, irfani-fəlsəfi düşüncələr, həyati-dinamik ritmlər, klassik-etnoqrafik ləngərlər, müasir-sivil rənglər...

Mehdi Məmmədov əl qatdığı bütün tamaşalarda susqun zərifliklə dramatik coşqunluğun qovuşuğu, emosional çalarlarla psixoloji qatqarlardan şirələnən ahəngdar cazibə vəhdəti vardı. O, tamaşanın ali məqsədini psixoloji münasibətlərin, insanlardakı (deməli, həm də həmin anlarda həmin tamaşaların iştirakçılarındakı) əbədi əxlaq-əqidə ziddiyyətlərinin mahiyyətində, dünyadərkində axtarırdı. Bəzən kəskin, bəzən sadə, hərdən də həzin-hüzn epizodlarda verdiyi mizanlarda da dinamik musiqi taktlarına, ümumən poetik-sentimental ritmlərə əsaslanan Mehdi Məmmədov ən “antik” mövzuları belə, çağının ictimai-sosial problemləri, mənəvi-əxlaqi durumu ilə əlaqələndirirdi.

Teatr tənqidi və haqqında yazılmış monoqrafik mənbələrdə sənətə yeni baxışı, xüsusən, rejissurası ilə bütövlükdə realist monumentallığa, habelə fəlsəfi dərinliyə geniş meydan açmaq çabaları ilə səciyyələndirilən M.Məmmədov işgüzar həyat, mübariz mülahizə-müzakirə səhnələrindəki prinsipiallıqlarını sənət səhnələrinin hamısında həyata keçirib.

 

Həmin səhnələrdən...

 

öncə anons-özəklər; 1940-cı ildə Akademik Milli Dram Teatrında rejissor. İki il sonra bədii rəhbər. 1956-cı ildə Opera və Balet Teatrında baş rejissor. 1960-cı ildə yenidən Akademik Milli Dram Teatrına qayıdış və baş rejissor! Üç il sonra isə... paytaxtın teatr aləmi üçün əsil sensasiya; Mehdi Məmmədov elmi işi ilə əlaqədar, teatrdan uzaqlaşır! Bu “elmi fasilə” 10 ilə qədər davam etsə də, davamiyyətli sənət məhəbbəti 1974-cü ildə yenidən vüsala yetir; Mehdi Məmmədov Opera və Balet Teatrına baş rejissor təyin edilir. Bu teatrın səhnəsində quruluş verdiyi operalar -“Toska”, “Lakme”, “Sevil”, “Koroğlu” və ilk dəfə romantik-modernist üslub vəhdətində ərsəyə gətirdiyi “Leyli və Məcnun” iştirakçıların ifalarında ayrı sayaq, tamaşaçıların müzakirə-mülahizə ifadələrində alayı cür səslənir! Baş rejissoru olduğu Səməd Vurğun adına Rus Dram Teatrının 1978-82-ci illəri bu tələbkar-elitar teatrın “ən mükəmməl dövr”ü kimi yaddaşlara yazılır. Onun burada hazırladığı “Həyatın dibində”, “Mənim Nadejdalarım” və digər tamaşalar “hədəfi dirildən atəş”, “çərçivəli sənətkar təxəyyülü ilə azad tamaşaçı gözləntisinin üst-üstə düşməsi” kimi təbirlərlə dəyərləndirilir.

Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru olduğu illərdə bu görkəmli teatr ustadı xeyli əlavə görəvlərilə bahəm, biri-birindən maraqlı, “dövrün hadisələri populyarlığında” 12 səhnə əsərinə quruluş verib: “Od gəlini”, “Oqtay Eloğlu”, “Şeyx Sənan”, “İblis”, “Hamlet”, “Xəyyam”, “Canlı meyit”, “Müfəttiş” və s.

...Elə bu an yadıma düşdü ki, onun, tələskənlik edib “və s.” qrafasına saldığım tamaşalarından birini də mütləq qeyd etməliyəm: “Dəli yığıncağı”! Bir də buna görə ki, bu tamaşanı müsahibələrinin birində Mehdi müəllimin özü də xüsusi vurğulayıb. Deyib ki, quruluş verdiyi səhnə əsərlərindən onun özü üçün ən çox məziyyət-məmnuniyyətlisi, hətta dünya səhnəsinə çıxarılmağa layiqi məhz “Dəli yığıncağı”dır.

Adı Azərbaycan mədəniyyəti tarixində yüksək intellektli, elitar dünyagörüşlü, universal qabiliyyətli sənətkar kimi çəkilib-seçilən, ötüb-keçmiş çoxrəng-çoxsəsli SSRİ məkanında “yüksək peşəkarlar silki”ndən hesab olunan, sənətin ən mürəkkəb, vacib sahələri və bunların ustad daşıyıcı-davamçıları haqda gözəl əsərlər yazıb getmiş bu sənətkar haqda yazılardan birində oxumuşam ki: “Mehdi Məmmədovun portreti günü bu gün də Moskva Teatr Akademiyasının foyesində - “korifeylərin portretləri” ilə bir sıradadır...”

 

...Və onun mənəvi portreti

 

Bu “portret”in ən önəmli cizgiləri:

- ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə də məşğulluq. Özü də tək elə “aşiqi-sadiq” sahəsinə məxsus Teatr İnstitutunda (ADMİU-da) yox, həm də - digər ali məktəb tələbələrinin də dinləmək arzusunda bulunduqları “Etika və estetika kursu” ilə - Azərbaycan Dövlət Universitetində (BDU).

- öz pedaqoq “qeyri-adi”liyilə - tələbə heyətlərinin təşkili və onlarda “təşnə maraq” oyatma bacarığı ilə ilgili - haqqında yaranmış praktik əfsanələr.

- əfsanəvi çağdaşı Hökumə Qurbanovanın sənət dünyasının başdan-başa portretləşdiyi “Onun sənət ulduzu” kitabı, sənətşünaslıq elminə dair ortaya qoyduğu monumental “Azərbaycan dramaturgiyasının estetik problemləri” (doktorluq dissertasiyası) tədqiqatı.

- sənət uğurlarına görə, Azərbaycan (1958) və SSRİ (1974) Xalq artisti fəxri adları, Azərbaycan Dövlət mükafatı (1984 - H.Cavidin “İblis” faciəsinə quruluş) təltifatı...

- səhnədə və ekranda (məsələn, “Onu bağışlamaq olarmı?”da Qaya) yaratdığı sayca az, dəyərcə saz obrazlar...

...Bütün bunlar 1985-ci il yanvarın 28-də dünyasını dəyişmiş Mehdi Məmmədovu həm də ölümsüzləşdirmirmi?..

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2015.- 22 may.- S. 13.