Mədəniyyət və turizm naziri Bolqarıstanın vitse-prezidenti ilə görüşüb

 

İki ölkə arasında mədəni əlaqələrin və turizm əməkdaşlığının inkişaf etdirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulur

 

Mayın 21-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmiş Bolqarıstan Respublikasının vitse-prezidenti Marqarita Popova ilə görüşüb. Marqarita Popova Forumdan sonra Qəbələ və Şəki rayonlarına səfər edib.

 

Qonağı salamlayan Əbülfəs Qarayev bildirdi ki, iki ölkə arasında mədəni əlaqələr yüksək səviyyədədir və bu əməkdaşlığın daha inkişaf etdirilməsi hər iki tərəfin marağındadır. Nazir Marqarita Popovanın Qəbələyə və Şəkiyə səfər etməsini, ölkəmizin turizm resursları və mədəni məkanları ilə tanış olmasını müsbət dəyərləndirdi.

Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın yüksək səviyyədə və geniş heyətlə təmsil olunmasından məmnunluğunu bildirən Əbülfəs Qarayev tədbir çərçivəsində bu ölkənin mədəniyyət və turizm nazirləri ilə səmərəli görüşlər keçirdiyini diqqətə çatdırdı.

Vurğulandı ki, Azərbaycan və Bolqarıstan arasında mədəniyyət və turizm sahəsində hər zaman sıx əməkdaşlıq olub və bu gün də davam edir.

Bildirildi ki, Bakıdakı görüşlər zamanı müəyyən razılaşmalar əldə olunub. Bu ilin sonuna qədər Azərbaycanda Bolqarıstanın mədəniyyət günləri, gələn il isə Bolqarıstanda Azərbaycanın mədəniyyət günləri təşkil ediləcək. Eyni zamanda iki ölkə arasında infoturların təşkili nəzərdə tutulur. Turizm şirkətlərinin işbirliyi və turizm mübadiləsi məsələləri də diqqətə alınıb.

Ölkəmizdə gördüyü səmimi münasibətə, qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Bolqarıstanın vitse-prezidenti Azərbaycanın bölgələrinə səfərindən zəngin təəssüratla qayıtdığını, Qəbələ və Şəkinin tarixi, mədəni məkanları, istehsal müəssisələri və turizm obyektləri ilə tanış olduğunu dedi. O, Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirdi. Qeyd etdi ki, mötəbər tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırır, respublikamızı mədəniyyətlərarası dialoqa töhfə verən məkan kimi tanıdır. Azərbaycanın bu sahədə rolunu yüksək qiymətləndirən qonaq vurğuladı ki, Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülhə, əmin-amanlığa xidmət edir. Bu həm də Azərbaycanın dünyada qədim tarixi köklərə malik bir ölkə kimi tanınmasına əlverişli imkanlar yaradır.

Vitse-prezident qeyd etdi ki, Bolqarıstan hər zaman Azərbaycanla mədəni əlaqələrinin yüksək olmasında maraqlıdır və ümidvar olduğunu bildirdi ki, iki ölkə arasında dostluq və əməkdaşlıq bundan sonra da davam edəcək.

 

Lalə

 

Mədəniyyət.- 2015.- 22 may.- S. 3.