Azərbaycan mətbəxi: dadsonrası dad

 

Sənədli filmin nümayişi olacaq

 

Mayın 22-də Dövlət Film Fondunda "Azərbaycan mətbəxi: dadsonrası dad" sənədli filminin mətbuat nümayəndələri üçün nümayişi olacaq.

 

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yaddaş" studiyasında çəkilən filmin "Milan Ekspo 2015" dünya sərgisinin Azərbaycan pavilyonunda nümayiş etdirilməsi nəzərdə tutulub. "Planeti qidalandırmaq, həyat üçün enerji" mövzusunda "Milan Ekspo 2015" mayın 1-də işə başlayıb və oktyabrın 31-dək davam edəcək.

33 dəqiqəlik filmdə qədim mədəniyyətə malik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixindən, çeşidliliyindən və zənginliyindən bəhs olunur, həmçinin qədim tarixi-mədəni irsimiz haqqında məlumat verilir. Orta əsrlər Şərq rəssamlarının miniatürləri, Avropa rəssamlarının qravüraları, tarixçi və səyahətçilərin ölkəmiz haqqında tarixi faktları, vətənimizin flora və faunasının təsviri filmdə estetik və vizual həmahənglik yaradır. Bütün bunlar isə təsdiq edir ki, Azərbaycan mətbəxi dünyada ən zəngin mətbəxlərdən biridir. Bu mənada ekran əsəri Azərbaycanın mədəni irsinin, mətbəx mədəniyyətinin, iqtisadi və mədəni potensialının təbliği və xarici turistlər üçün ölkəmizin cəlbediciliyini göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Filmin ssenari müəllifi və rejissoru Şamil Nəcəfzadə, operatoru Nizami Abbas, elmi məsləhətçisi Tahir Əmiraslanov, bəstəkarı Cahangir Zülfüqarov, icraçı prodüseri Əbdülnasir Kutiyev, prodüseri Cavid İmamverdiyevdir. Mətnləri aktyor Oleq Əmirbəyov səsləndirir.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 22 may.- S. 2.