Azərbaycanlı hotel əməkdaşı beynəlxalq ittifaqa qəbul edilib

 

"JW Marriott Absheron Baku" hotelinin konsyerji Erkin Əliyev "Qızıl açarlar" Hotel Konsyerjlərinin Beynəlxalq İttifaqının (Union Internationale des Concierges d'Hotels "Les Clefs d'Or") nümayəndəsi seçilib. O, Azərbaycanda bu adın ilk və hələlik yeganə sahibidir. "Qızıl açarlar" ötən əsrin 50-ci illərində yaranıb, hazırda dünyanın 50 ölkəsində fəaliyyət göstərir və 4 minə yaxın nümayəndəsi var.

Erkin Əliyev karyerasına Kanar adalarında “Abama Golf & Spa Resort Tenerife” hotelində başlayıb. "Qızıl açarlar"ın sahibi olmaq üçün namizədlərə qoyulan tələblər çox yüksəkdir. "Qızıl açarlar"ın Azərbaycanda milli seksiyası yoxdur, bu səbəbdən də bu nüfuzlu beynəlxalq ittifaqa qoşulmaq istəyənlər qonşu Rusiyada seksiyaya müraciət etməlidirlər. İddiaçılar minimum 4 il hotel sahəsində çalışmalı və onun 3 ilini mütləq konsyerj olaraq fəaliyyət göstərməlidirlər. Bundan başqa, namizəd təşkilatın fəaliyyət göstərən üzvlərindən 2 ədəd tövsiyə məktubu almalıdır. Daha sonra namizədi çətin imtahanlar, layihələr, nadir məlumat və əşyaların axtarışı üzrə tapşırıqların yerinə yetirilməsi və həmçinin hoteldə "gizli qonaq" tərəfindən yoxlama gözləyir. Bütün bu imtahan, müsahibə və yoxlamalardan sonra icraedici komitə konsyerjin "Qızıl açarlar" ittifaqına qəbulu haqda qərar verir.

Erkin Əliyevin layihəsi (“ACAR - Association Concierge Azerbaijan Republic”) Azərbaycanda milli konsyerjlər assosiasiyasının yaradılması ilə bağlı idi.

 

Mədəniyyət.- 2015.- 27 may.- S. 7.