“Ən yaxşı vətənpərvər tədqiqatçı alim”

 

Milli İncəsənət Muzeyinin direktoru təltif olunub

 

Mayın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində bu mədəniyyət ocağının direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyevə “Avropa Nəşr Mətbuat Evi”nin təsis etdiyi xüsusi diplom və qızıl medal təqdim edildi.

“Avropa Nəşr Mətbuat Evi”nin baş direktoru Şöhrət Səlimbəyli bildirdi ki, bu günə kimi elm və incəsənət sahəsində bir sıra görkəmli şəxslər bu mükafatla təltif ediliblər. Çingiz Fərzəliyev “Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, natürmort janrının mənşəyi, tarixi inkişaf yolu, estetik mahiyyəti, bədii təsvir imkanları sahəsində uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, dərs vəsaitlərinə, ölkədə rəssamlıq elminin inkişafında göstərdiyi xidmətlərə görə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” nominasiyasında qızıl medala və diploma layiq görülüb.

Mərasimdə çıxış edənlər Çingiz Fərzəliyevi təbrik edərək onun səmərəli fəaliyyəti və muzey işi sahəsində apardığı tədqiqatlardan söz açdılar, Azərbaycan rəssamlarının irsinə göstərdiyi diqqəti xüsusi vurğuladılar.

Çingiz Fərzəliyev göstərilən diqqətə görə medalı təqdim edən təşkilatın rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 27 may.- S. 6.