Böyük sənət “Məşədi”miz

 

Özündən çox, oynadığı obrazları yaşamış və əbədi yaşadası Əliağa Ağayev...

 

Məncə, ilk baxışda bütün komiklərdən (hətta bəzi tragiklərdən) daha ciddi görünən bu aktyor bu sənətin daşıyıcıları haqda deyilən “ikili ömür” məsələsini həqiqətən yaşayıb.

Onu ehtimalla dedim, bunu isə qəti: Əliağa Ağayev yazı-pozularda tez-tez təkrar edilən “təkrarsız”, “bənzərsiz” kimi öygü-epitetlərin qəlblərdə ən ilk və hələlik ən son laureatıdır!

 

Xüsusən komizmdə

 

O, sənət və sənətkarlığın bu növbəti xanasını ayrıca bir saray kimi yaradıb getdi və ondan sonra gələnlər bu “binə”yə müxtəlif səviyyə-səpkili (mükəmməlləri də az deyil) “suvaq”lar çəkib getmədədirlər...

Bu rəhmətlik sözügedən sahədə hələ də elə bir ahənrüba ki, ciddi bir qəzetin ən ahıl əməkdaşı olan bəndənizi də üslubi cızıqdan çıxarıb, belə bir xitaba təhrik edir: “Məşədi, “hənanın yeridir”sə, 20 manatlıq ruh ver, Səni qəzetimizdə sevgiyi-cahan edim!..”

 

Ondan başlayım ki...

 

Sənin səhnəyə hər dəfə adicə çıxışın belə ayrıca bir sənət naxışı idi. Ekranda göründüyün hər ilk anın özü belə ayrıca bir görəcək, səs-səda, ləhcə-şivə avazının özü belə alayıca bir obraz idi. Hələ gah “kal”, gah “lal”, bəzən “hal”, hərdən də “gicələk-güləcək” hul baxışların!..

Ay əziz oxucu-tamaşaçılar, siz onun “Bizim Cəbiş müəllim” filmində bayır tərəfdən cəftələnən məlum sanitar qovşağında qalıb çığır-bağır salarkən verilən (“Sən orda neynirsən?”) sualı təkrarsız bir “vay-şüvən”lə (“Adə, ay rəhmətliyin oğlu, burda neyliyəllər?!”) cavablandırmasının (və həm də həmin obyektin “ayıb” ab-havasını necə mədəniləşdirməsinin) fərqindəsizmi?!.

Aşağıda onunla bağlı bəzi fraqmentlərinə toxunacağım xatirələrdən birinə bu an əşhədi-ehtiyac duydum. Belə ki, həyat yoldaşı Cəvahir xanımın (bəlkə də yeganə) müsahibəsində “Əliağa əsl müsəlman idi - ömrü boyu dilinə içki dəyməyib” deyib və bu sözlər qələmimə belə bir obrazlı fikir diktə edir: Əliağa Ağayev öz qeyri-adi duyumu, dialoq və monoloqlardakı aktiv-reaksion elementləri, mimikaları, sifət-göz-səs sinxronluqlarıyla obrazların sənət şirəsini cecəsinədək çəkib çıxarırdı...

Bütün həmkarlarından üstün bir bədahətənlik bacarığına da malik idi bu anadangəlmə aktyor. Əksər ssenarist və rejissorlardan eşitdiyimə görə, ona verilən rolların çoxusunun səhnə və ekran taleyi “50-50-yə” imiş; hamı və o! Dramaturqlar olub ki, sözlərin “sort”unu, üslub-remarka çözülərinin “çort”unu səhnə məşqləri zamanı “Əliağa ekspromtu”yla düzəlişdirərmişlər. Rejissorlar da həmçinin; yekun mizan-düzən traktovkalarını “məşqlərdə Əliağa eşqləri”ndən sonra verərmişlər.

Bunlar böyük sənətkar barədə bir jurnalist-tamaşaçı qənaətləri. Qaldı - mövzumuzun böyük sənətkar-subyektinə ən doğma, ən yaxın canlı obyektlərin fikir, münasibət və mülahizələri. Yəni -

 

Xatirələr

 

Toxunacağım xatirələrin ən ümdə nüansı bu ki, Xalq artisti Əliağa Ağayev bütün xalqımıza bəlli olan şöhrət çələngini elə-belədən qazanmayıb; ziqzaqlı illərin, çətin ayların uzun-uzadı yol yorğunluğu qalanıbmış onun çiyinlərinə. Atasını erkən itirib, uşaqlıq illəri ağır ehtiyac içində keçib və s. Ancaq təbii istedad və zəhmətkeşliklə çulğaşmış böyük sənət eşqi bütün ehtiyac və məhrumiyyətlərə üstün gəlib, onu sənət zirvəsinə səsləyib.

Ömrü uzunu səhnələrdən, kino-tele ekranlardan “ən gülməli”, “ən istedadlı”, “ən ustad”, “ən qeyri-adi” təyinatlarla tanınmış bu böyük sənətkar evdə-eşikdə, küçədə-bazarda necəymiş görəsən?..

Xatirələr belə nəql edir ki, o, görə bilmədiyimiz o “qeyri-leqal” həyat-məişət məkanlarında gördüyümüz leqal sənət obyektlərindəkindən də böyük və istedadlı imiş. Sözümüzə ilk olaraq ömür-gün yoldaşının - rəhmətlik Cəvahir xanımın yuxarıda bir cümləsini verdiyim müsahibəsindən bir parça ilə (habelə, ötən əsrin 60-illərində aktrisa rəfiqələrinin birindən eşitdiyim bir epizodla) qüvvət verim: “Əliağa hərtərəfli fitri idi. Sənətdə nə qədər komik, od-alo, camaatın dediyinə görə nə qədər “əlçatmaz” idisə, həyatda, evdə, qohum-qonşuluqda o qədər ciddi, ailəcanlı, haqqət-diqqətliydi. Hər şeydən əvvəl gözəl insan idi. Mən bunu hələ Gənc Tamaşaçılar Teatrında çalışdığımız vaxtlardan hiss etmişdim. Biz elə orda tanış olub, ailə qurmuşduq. Çox sədaqətli insan idi. Heç nəyilə məndə sir-şübhə doğurmadı, heç zaman xətrimə dəymədi, kobud danışmadı ömrü uzunu. Onun sağlığında mən bazar-dükan bilməzdim; işi başından aşsa da, evin bütün qayğılarını özü çəkərdi.

Əliağanı yaman sevirdi camaat. “Yaman” yox e, lap müsibet! “O olmasın, bu olsun" filmindən sonra isə lap “ağ” eləmişdilər! İnanırsız, onunla bir yerdə dükan-bazara çıxa bilmirdim. Beş-on dəyqəlik yolumuz bəzən beş-on saat çəkirdi. Mən bir qırağa çəkilib him eləməkdən, “qır-saqqız” həmsöhbətlərinin gözündən yayınıb “A kişi, day qurtar da!” işarətlərilə göz eləməkdən yorulurdum, o isə onlara heç üz-gözünü də turşutmazdı. Bir kərə də bir qarının “ay oğul, day sağ olginən, day getginən, səni də yordum, kamandirivi də” sözlərinə nə cavab versə yaxşıdı? Qayıdasan ki, “Berahat olma, xalacan, mən sizin kimi gülərüz xalqın artistiyəm e, o qaşqabağlı “qəməndir”in yox...”

Bəli, Əliağa Ağayev doğrudan da xalqın artisti idi. Özü də, əgər mənəvi-məcazi “vurma cədvəli” ilə hesablasaq, bir neçə dəfə idi! “Və başqaları” ayağından ölçüb, başqa rollarını çıxsaq, o, tək elə “Məşədi İbad”ı ilə bu ada layiq idi. Amma Cəvahir xanımın xatirələrindən gətirəcəyim son sözlər onun ilahi istedadından əlavə, sönməz sənət eşqi və yorulmaz zəhmətkeşlik iksirini də ehtiva edir: “Çəkildiyi son ekran işi “Papaq” filmi oldu. Heç yadımdan çıxmır, çəkilişlərə xəstə-xəstə getdiyi. Onu evdə saxlaya bilmirdik. Ən çox da buna təəssüflənirəm ki, filmin hazır olduğunu eşitdi, bərk sevindi, amma premyerasını görmək ona qismət olmadı...”

Çox orijinal, özünəməxsus insan və aktyor olmuş bu Adamın ölümü də qəribə olub; dünyasını da gülə-gülə dəyişib. Deyirlər, həmin gün, elə bil, ikinci evi kimi yaşadığı teatrla da “əlvida”laşmağa gedib. Həmkarlarıyla bir xeyli zarafatlaşıb, deyib-gülüb, hətta kimisə narahat etməməkçün, həmin xoş-beş ovqatını özüylə “Qağayı” restoranına da aparıb və elə orada - dostlarının əhatəsindəcə gülə-gülə ürəyi dayanıb...

Bu böyük canlı kitabdan növbəti xatirə-səhifəni “Sehrli xalat” filmindəki pionerlərdən biri - Yusif Şeyxov yazır: “Bu filmdə rejissor Əlisəttar Atakişiyevin yaratdığı əla ansamblda Əliağa Ağayev öz “Xan” obrazı ilə təkrarsız bir Solo idi. Bəzi mütəxəssislərin bu rəyilə tam şərikəm ki, bu obraz Əliağa Ağayevin kino bioqrafiyasında heç də Məşədi İbaddan geri qalmayan roldur. Bu filmin uzunömürlülüyündə, bugünə qədər maraqla baxılıb-sevilməsində rejissorla bərabər, Əliağa Ağayevin də böyük xidməti var. O həm də çox xeyirxah insan idi; biz balacalarla böyük həmkarları kimi davranırdı”.

Xatirələrin növbəti səhifəsində məşhur kinoşünas Aydın Kazımzadə: “Bizim nəsil, demək olar, Gənc Tamaşaçılar Teatrında tərbiyə almışıq. Oğlu Vaqiflə uşaqlıq dostu olduğumdan, həm onların evində, həm teatrda tez-tez olurdum. Əliağa Ağayevi çox tamaşada görmüşəm. Çox vaxt onu evdə güzgü qabağında məşq edən görürdüm - bunu başa düşməsəm də. Sonralar bu azman aktyorla səmimi ünsiyyətimiz yarandı.

...Müəllimlər valideynləri məktəbə çağıranda həmişə Vaqifin atası gəlirdi. Siz bir təsəvvür edin (!), o, qapını açıb “icazə olar?"- deyə içəri girəndə uşaqlar özlərini uğunmaqdan güclə saxlayırdılar. Əliağa müəllim isə, özünü o yerə qoymadan, arxa partaya keçib otursa da, uşaqların gülüşü kəsilmirdi. Onun qəribə yerişi, üz-göz mimikaları teatrda gördüklərimizin hamısını təzədən xatırladırdı bizə.

...Sonralar akademik teatra dəvət edilən bu nəhəng komik bu sənət ocağında da çox gözəl dramatik obrazlar yaratdı.

Böyük aktyorumuzun sənət həyatı ilə bağlı vacib bir olayı da danışmaq istərdim hörmətli oxuculara. Belə ki, məlum və məşhur filmin çəkilişinə hazırlıq ərəfəsində Məşədi İbad roluna Mirzə Babayev təsdiq olunmuşdu. Ancaq Əlisəttar Atakişiyev Gənc Tamaşaçılar Teatrında Əliağanı səhnədə görür, onu filmin sınaq çəkilişlərinə dəvət edir və bu əvəzsiz aktyorun qrimindən sonra deyir: “Elə əsl Məşədi İbad bu kişi imiş ki!”

Belə...

Yəni belə ki, o vaxtdan kino tariximizə bənzərsiz “Məşdibad” kimi düşən Əliağa Ağayev böyük sənət-mədəniyyət “Məşədi”miz olaraq da əbədiləşdi...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2015.- 4 noyabr.- S. 11.