Bakı Dövlət Sirkində yeni proqram

 

Rusiyadan dəvət olunmuş sirk ustalarının “Lasta-Rika” şousunun təqdimatı keçirilib

 

Oktyabrın 30-da Bakı Dövlət Sirkində jurnalistlər üçün Rusiya Federasiyasından dəvət olunmuş sirk ustalarının “Lasta-Rika” sirk şousunun təqdimatı keçirilib.

 

Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov bu dəfə də ənənələrinə sadiq qalaraq tamaşaçıları yeniliklərlə sevindirəcəklərini söyləyib. Bildirib ki, rusiyalı sirk ustaları şəhərimizdə ilk dəfə çıxış edirlər. Vurğulanıb ki, sirk-şouda ilk dəfə olaraq pinqvinlərin attraksionu və qutanlarla nömrə nümayiş etdiriləcək. Proqrama, həmçinin hamı üçün maraqlı olacaq “dəniz şirlərinin teatrı”, atlar, meymun və tutuquşular, hava gimnastları, motosikl, kordebalet, şən kloun və digər nömrələr daxildir.

Proqramda sirk aləmində tanınmış Mayxrovski soyadının üç nəslinin nümayəndəsi - Rusiyanın Xalq artisti Yevgeni Mayxrovski və onun sənətini davam etdirən qızı və nəvəsi çıxış edəcək.

Təlimçi Natalya Mayxrovskaya bildirib ki, təqdim edilən proqram xüsusi süjetlə qurulub. Proqramın əvvəlində tamaşaçılar gəmi ilə dünya səyahətinə dəvət olunurlar və Lasta-Rika adasına çatanadək bu səyahət davam edir. Bu zaman müxtəlif heyvanların, həmçinin klounların, akrobatların nömrələri nümayiş olunacaq.

Qeyd edək ki, Bakı Dövlət Sirkində yeni mövsümə oktyabrın 31-də start verilib.

“Lasta-Rika” sirk-şousu noyabrın sonlarınadək nümayiş etdiriləcək. Biletləri sirkin kassalarından əldə etmək olar.

 

Mədəniyyət.- 2015.- 4 noyabr.- S. 10.