“Bu sizsiniz” rəsm müsabiqəsi yekunlaşdı

 

Oktyabrın 31-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Xətai Sənət Mərkəzində “Bu sizsiniz” rəsm müsabiqəsi və qaliblərin mükafatlandırılması mərasimi keçirildi. Müsabiqə ölkəmizdə turizm sektorunun inkişafına dəstək məqsədi daşıyır.

 

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov müsabiqənin gənclərin yaradıcılıq imkanlarının stimullaşmasında böyük əhəmiyyət daşıdığını bildirdi. Qeyd olundu ki, bu qəbildən müsabiqə və sərgilər təsviri sənətə istedadlı yeni nəslin gəldiyini göstərir.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov da “Bu sizsiniz” rəsm müsabiqəsinin gənc nəslin rəssamlığa, incəsənətə marağının daha da artırılmasında mühüm rol oynadığını vurğuladılar. Bildirildi ki, gənc istedadların yaradıcılıq imkanlarının üzə çıxması üçün dövlət tərəfindən hər cür şərait yaradılır.

Sonra müsabiqə iştirakçıları öz bacarıqlarını nümayiş etdirdilər. Qeyd edək ki, müsabiqəyə qatılmaq istəyənlər oktyabrın 15-dək əl işlərinin fotolarını Xətai Sənət Mərkəzinin facebook səhifəsinə göndərmiş və münsiflər tərəfindən seçilən müəlliflər öz qabiliyyətlərini bilavasitə göstərmək üçün mərkəzə dəvət olunmuşdular. Gənc rəssamlar portret janrında fərqli üslublarda (qara qələm, quru fırça, pastel, kömür, akvarel, akril, gips, döymə) rəsmlər çəkdilər.

Tədbir iştirakçılarının da marağına səbəb olan əl işləri münsiflər heyəti tərəfindən qiymətləndirildi. Fərid İsmayılov 1-ci, Süleyman Rüstəmov 2-ci, Çinarə Baxşıyeva və Murad Zeynalov 3-cü yerə layiq görüldü.

Qaliblərə diplom və pul mükafatı (I yer - 500, II yer - 300, III yer - 100 manat) təqdim olundu. Müsabiqəyə qatılanların hər birinə isə iştirakçı kimi diplomlar verildi.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 4 noyabr.- S.  8.