“Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” təsis edildi

 

Qrup mədəniyyət müəssisələri və bölgələr arasında daha effektiv koordinasiya işlərinin aparılmasına xidmət edəcək

 

Noyabrın 3-də Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun təsis toplantısı keçirildi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Rafiq Bayramov iştirak edirdi.

 

Toplantıda çıxış edən Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verdi. Bildirildi ki, 2007-ci ildən fəaliyyət göstərən mərkəzdə 2015-ci ilin sentyabrında struktur dəyişiklikləri aparılıb.

Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi tərəfindən qurum qarşısında yeni hədəflər müəyyən edilib. Prioritet fəaliyyət istiqamətlərindən biri regionlarda mədəniyyət müəssisələri tərəfindən göstərilən mədəni xidmətlərin müasirləşdirilməsidir. Bu istiqamətdə effektiv və çevik koordinasiya işlərinin aparılmasını təmin etmək üçün mərkəzin nəzdində “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun yaradılması məqsədəuyğun hesab edilir. Qrup mədəniyyət müəssisələri və bölgələr arasında daha effektiv koordinasiya işlərinin aparılmasına, sistemdə çalışan əməkdaşların fəaliyyətinin stimullaşdırılmasına və onların potensialından daha səmərəli istifadə edilməsinə xidmət edəcək.

Direktor qeyd etdi ki, qrup eyni zamanda nazirlik tərəfindən veriləcək tapşırıqların effektiv icrası, habelə müəssisələrdə işgüzar yaradıcı mühitin yaradılması istiqamətində çalışacaq. Qrupun məhz Elmi-Metodik Mərkəz tərəfindən təsis edilməsi onun fəaliyyətinin çevikliyini təmin edəcək. Yaradılan sistem yeni ideyaların formalaşdırılmasına və savadlı gənclərin sahəyə diqqətinin artırılmasına təkan verəcək.

Mərkəzin şöbələrinin fəaliyyəti haqqında da məlumat verən A.Usubəliyev gənc mədəniyyət işçilərini bu şöbələrlə sıx əməkdaşlığa dəvət etdi. Bildirildi ki, tezliklə mərkəzin nəzdində xüsusi ekspert qrupları yaradılacaq ki, bu da işin daha da səmərəli olmasına imkan verəcək. Müxtəlif mövzuları əhatə edən kulturologiya, mədəni siyasət, muzey, kitabxana, klub işi və s. ekspert qruplarının tərkibinə AMEA-nın və Elmi-Metodik Mərkəzin alim və tədqiqatçıları daxildir.

Həmçinin qeyd olundu ki, nazirliyin razılığı ilə yaxın günlərdə qurumun nəzdində təlim mərkəzinin yaradılması da nəzərdə tutulur. Bu mərkəzdə tövsiyə edilən yeni ideyaların istifadə qaydaları və tətbiqi planlaşdırılacaq.

Daha sonra təsis toplantısına müxtəlif bölgələrdən qatılan gənc əməkdaşların çıxışları dinlənildi, təklifləri qeydə alındı.

Sonda “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun təsis toplantısı adından nazir Əbülfəs Qarayevə müraciət qəbul olundu. Müraciət Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Rafiq Bayramova təqdim edildi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 4 noyabr.-  S. 5.