Azərbaycan və Gürcüstan teatrları arasında əlaqələr genişlənir

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Sandro Axmeteli adına Tbilisi Dram Teatrının baş rejissoru İrakli Gogia ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələrin inkişafı, qarşılıqlı qastrol səfərlərinin təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu sahədə əməkdaşlıq məsələlərinə toxunan qonaq son illərdə K.Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrı və Ş.Rustaveli adına Tbilisi Dövlət Dram Teatrının Akademik Milli Dram Teatrı ilə yaranmış əlaqələrini yüksək qiymətləndirib.

Diqqətə çatdırılıb ki, gürcü teatrları hər zaman Azərbaycan rejissorlarının quruluş verdiyi tamaşaları Gürcüstan teatrlarının səhnəsində görmək arzusundandır.

İ.Gogia eyni zamanda Gürcüstan və Estoniya teatrları arasında yaradılan qrupa Azərbaycanın da daxil olması, türkdilli ölkələrlə sıx əməkdaşlığın yaradılması təklifi ilə çıxış edib.

Milli Dram Teatrının direktoru İ.İsrafilov irəli sürülən təklifləri müsbət qarşılayıb və qeyd edib ki, gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr iki qonşu ölkənin mədəni əlaqələrinin inkişafına təkan verəcək.

 

Mədəniyyət.- 2015.- 6 noyabr.- S. 6.