Bakı şəhər xalq teatrlarının festivalı

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə hər il ənənəvi olaraq paytaxtın xalq teatrlarının festivalı keçirilir.

İdarədən bildirilib ki, noyabrın 10-dək davam edəcək festival xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrinin işinin daha da səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi və həvəskar teatr kollektivlərinin fəaliyyətini dövrün tələblərinə uyğun qurmaq məqsədilə keçirilir.

Builki festival Mərdəkan xalq teatrının 95 illik yubileyinə həsr olunub. İştirakçı kollektivlərin təqdim etdikləri səhnə nümunələri də Mərdəkan xalq teatrının 95 illik fəaliyyəti dövründə oynanılmış əsərlərdən seçilib.

Festivalın ilk günü idarənin tərkibində fəaliyyət göstərən mədəniyyət evlərindən 7 kollektiv çıxış edib.

Qalibləri tanınmış incəsənət nümayəndələrindən ibarət münsiflər heyəti müəyyənləşdirəcək.

Noyabrın 10-da Mərdəkan Mədəniyyət Sarayında festivalın qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək. Qran-pri, 1-ci, 2-ci, 3-cü yerlər, həmçinin müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim ediləcək.

 

Mədəniyyət.- 2015.- 6 noyabr.- S. 5.