Etnosdan eposa

 

“Kitabi-Dədə Qorqud”un elm aləminə məlum olmasının 200 illiyinə həsr edilmiş beynəlxalq simpozium keçirilib

 

Noyabrın 6-7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Kitabi-Dədə Qorqud” abidəsinin dünya elm aləminə məlum olmasının 200 illiyinə həsr olunmuş “Epos və etnos” adlı beynəlxalq simpozium keçirilib.

 

Simpozium Prezident yanında Bilik Fondu, AMEA-nın Nizami adına Ədəbiyyat və Folklor institutlarının birgə təşkilatçılığı ilə gerçəkləşib. Beynəlxalq tədbir Prezident İlham Əliyevin 20 fevral 2015-ci il tarixli “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” sərəncamına əsasən təşkil olunub.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq “Kitabi-Dədə Qorqud” abidəsinin dəyərindən danışıb. Bildirib ki, türk dünyasında və Azərbaycanda “Kitabi-Dədə Qorqud”la bağlı mühüm tədqiqatlar aparılıb, çoxlu kitablar yazılıb. Görkəmli qorqudşünaslarımızdan Məmmədhüseyn Təhmasib, Orxan Şaiq Gökyay, Əli Sultanlı, Fuad Köprülü, Məhərrəm Ergin, Həmid Araslı, Şamil Cəmşidov, Səfərəli Babayev və başqa alimlər bu sahədə böyük işlər görüblər.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla yubileylə bağlı bu ilin sonuna qədər görüləcək işlər haqqında danışıb. Qeyd edib ki, dastanı ilk dəfə üzə çıxaran Fridrix fon Dits haqqında sənədli filmin çəkilməsi nəzərdə tutulur: “Drezden şəhərində “Kitabi-Dədə Qorqud”un əlyazmasının saxlanıldığı kitabxanada beynəlxalq tədbir keçirməyi düşünürük. Fridrix fon Ditsin yazdığı ön söz və “Basatın Təpəgözü öldürdüyü boy”un yer aldığı kitabın artıq siqnal nüsxəsi əlimizdədir. Bu kitab 25 dilə tərcümə edilib, yaxın günlərdə çap olunacaq. Biz bununla tariximizi, mədəniyyətimizi təkcə Azərbaycanın müxtəlif bölgələrinə deyil, dünyanın bütün guşələrinə çatdırmağı düşünürük. Yaxın gələcəkdə bu kitabın Afrika xalqlarının dillərinə tərcüməsi də nəzərdə tutulur”.

Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu bildirib ki, dünyanın bütün qəhrəmanlıq eposları xalqın öz milli-mənəvi varlığı uğrunda mübarizəsinə həsr olunub: “Bu mübarizə iki istiqamətdə təsvir olunur: tarixi və mifoloji. Eposun mifdən götürdüyü ən vacib xüsusiyyətlərdən biri təsvir etdiyi, haqqında danışdığı hadisəni, hətta insanı mənşəyinə görə izah etməkdir, onun kökünə getməkdir. Bu mənada “Dədə Qorqud” eposu da soy kimliyi, ulu əcdad haqqında bir dastandır”.

Simpoziumun açılışında Türkiyədəki Ərdahan Universitetinin rektoru, professor Ramazan Korkmazın “Terrorun mifoloji siması: Təpəgöz” mövzusunda çıxışı maraqla qarşılanıb. O, çağımızda dünyadakı terror olayları fonunda Təpəgöz obrazını hərtərəfli təhlil edib: “Əgər insan faciə törədirsə, ortaya mütləq Təpəgöz çıxacaq”.

Türkmən alimi Kakajan Janbekovun “Kitabi-Dədə Qorqud”un Türkmənistanda araşdırılma tarixi”, Serbiyadan Qustav-Adlfo Loria-Rivelin “Sakral və epik mətnlərdə fövqəltəbii bədheybət obrazları” mövzusunda məruzələri dinlənilib.

Ayın 6-da axşam Beynəlxalq Muğam Mərkəzində Folklor İnstitutunun “İrs” ansamblının “Kitabi-Dədə Qorqud” abidəsinin elm aləminə məlum olmasının 200 illiyi və AMEA-nın 70 illik yubileyi ilə bağlı konserti olub.

Noyabrın 7-də başa çatan beynəlxalq simpoziumun bütün iştirakçılarına təşəkkürnamələr təqdim olunub.

 

Soltan

 

Mədəniyyət.- 2015.- 11 noyabr.- S. 10.