UNESCO-nun mütəxəssisi Milli Azərbaycan Tarixi Muzeyində

 

UNESCO-nun manuskriptlərin bərpası üzrə mütəxəssisi və məsləhətçisi Stavros Andreou Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində bərpa laboratoriyasının əməkdaşları ilə təcrübə mübadiləsi keçirib.

Muzeydən bildiriblər ki, bu müəssisənin rəhbərliyi ilə görüşdə respublikada tarixi-mədəni abidələrin qorunması, yeni muzeylərin açılması barədə məlumat verilib. Eyni zamanda muzeydə görülən işlər nümayiş etdirilib.

Qonağa muzeyin nəşrləri təqdim olunub. S.Andreou UNESCO xətti ilə Qüdsdəki İslam Muzeyində saxlanılan nadir əlyazmaların bərpa prosesini əks etdirən rəqəmsal surətləri və müvafiq elmi kitabları muzeyə hədiyyə edib.

Sonra muzeydə qorunan sənədlərin vəziyyəti ilə tanış olan mütəxəssis laboratoriyanın əməkdaşlarına sənədli mənbələrin saxlanılmasına və konservasiyasına dair faydalı məsləhətlər verib.

 

Mədəniyyət.- 2015.- 11 noyabr.- S. 5.