Azərbaycan-Misir mədəni əlaqələrinə həsr olunmuş tədbir

 

Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində iki ölkə arasında mədəni əlaqələrə həsr olunmuş görüş keçirilib.

Əvvəlcə iştirakçılar Misirin turizm potensialını, ölkənin tarix və mədəniyyətinin müxtəlif dövrlərini əks etdirən sərgi ilə tanış olublar.

Müasir Təhsil Kompleksinin direktoru Nasim Abışov tədris ocağında fəaliyyət göstərən müxtəlif dərnəklər, məktəblilərin dərsdənkənar vaxtının səmərəli təşkili ilə bağlı həyata keçirilən tədbirlər barədə qonaqlara məlumat verib.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Misirin ölkəmizdəki səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi ölkələrimiz arasında dostluq münasibətlərindən və müştərək layihələrdən söz açıb.

Bilik Fondunun baş məsləhətçisi Sərxanbəy Xuduyev qurumun maarifçilik tədbirləri barədə danışıb.

Tədbirin bədii hissəsində kompleksdə ərəb dili üzrə təhsil alan məktəblilərin ifasında konsert proqramı təqdim olunub.

 

Mədəniyyət.- 2015.- 18 noyabr.- S. 11.