“Ziyalı ünsiyyəti”ndə Xalq artisti Ramiz Həsənoğlu ilə görüş

 

Noyabrın 14-də “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin “Ziyalı ünsiyyəti” çərçivəsində Xalq artisti, tanınmış rejissor Ramiz Həsənoğlu ilə görüş keçirilib.

İctimai birliyin sədri Solmaz Əmirli tədbiri açaraq iştirakçıları Ramiz Həsənoğlunun həyat və yaradıcılığından bəhs edən çarxa baxmağa dəvət edib. İctimai birlik tərəfindən hazırlanan çarx maraqla qarşılanıb.

Tanınmış teatrşünas Aydın Talıbzadə çıxış edərək Ramiz Həsənoğlunun yaradıcılığından söz açıb. Bildirib ki, onun tamaşalarının hər biri Azərbaycan teatr tarixində öz yenilikçi ruhu ilə seçilir. İnsanı sənətçi edən onun istedadı deyil, düşüncəsidir. Ramiz Həsənoğlu düşüncəsi ilə seçilən rejissorlardandır.

Sonra söz Ramiz Həsənoğluya verilib. Rejissor “Aydınlığa doğru” İctimai Birliyinin sədri Solmaz Əmirliyə, tədbirdə iştirak edən sənət dostlarına, sənətsevərlərə təşəkkürünü bildirib. Belə görüşlərin əhəmiyyətini vurğulayan rejissor cəmiyyətin maariflənməsində, insanların estetik zövqünün formalaşmasında, mənəvi dəyərlərin qorunmasında sənət adamlarının məsuliyyət daşıdığını, ziyalıların üzərinə böyük missiya düşdüyünü qeyd edib. Tədbirdə yazıçı-dramaturq Əli Əmirli, Xalq artisti Cəfər Namiq Kamal, kinooperator, Əməkdar incəsənət xadimi Kənan Məmmədov, yazıçı-jurnalist Təranə Vahid çıxış edərək Ramiz Həsənoğlunun istər televiziya, istərsə də kino və teatrda xidmətlərini yüksək qiymətləndirərək ona yeni yaradıcılıq uğurları arzulayıblar.

 

Mədəniyyət.- 2015.- 18 noyabr.- S. 10.