“İlin ən istedadlı gənci”

 

Mədəniyyət və İncəsənət Universitetində yeni layihə

 

Noyabrın 13-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “İlin ən istedadlı gənci” layihəsinə start verilib. Müsabiqənin ilk seçim turu rəssamlıq fakültəsində keçirilib. Seçimə 20-dən artıq tələbənin 50-dək işi təqdim olunub. Əsərlər Xalq rəssamı Xanlar Əhmədov, fakültənin dekanı, dosent Afət Aslanova, Nəzakət Əhmədova, Əməkdar rəssam, dosent Həmzə Abdullayev, dosent Elşən Hacızadə və Xanım Məmmədova tərəfindən qiymətləndirilib.

Noyabrın 14-də isə “İlin ən istedadlı gənci” layihəsinin seçmə mərhələsi musiqi fakültəsinin tələbələri arasında keçirilib. ADMİU-nun Səda Tədris Teatrında 30 nəfərdən artıq ifaçı hərəyə bir musiqi nömrəsi olmaqla öz istedadlarını nümayiş etdiriblər. Xalq artisti, professor Zamiq Əliyev, baş müəllim Sevinc Dadaşova, Cəmalə Nəsirova və Allahyar Vəzirovdan ibarət münsiflər heyəti öz seçimlərini ediblər.

Noyabrın 21-də yazı işi, 28-də rejissorluq, 29 noyabrda isə aktyor sənəti üzrə təhsil alan tələbələr arasında seçim turları keçiriləcək. Seçim turlarının nəticələri dekabr ayında keçiriləcək qala konsertdə elan olunacaq.

 

Mədəniyyət.- 2015.- 20 noyabr.- S. 6.