Sənətkar ömrünün səhifələri

 

Qaraxan Behbudov - 80

 

Sənətdə hər kəsin öz dəst-xətti, öz yeri var. Hər bir sənətkar bu yeri istedadı, zəhməti, əməyi sayəsində qazanır. Haqqında söhbət açacağımız respublikanın Əməkdar artisti, Prezident təqaüdçüsü Qaraxan Behbudov da sənətdə öz yeri olan xanəndədir.

 

Qaraxan İmran oğlu Behbudov 1935-ci il noyabrın 25-də dilbər Qarabağımızda, Ağdamın Əfətli kəndində anadan olub. Bu yerdə belə bir deyim düşür yadıma. Deyirlər ki, Qarabağda uşaqlar «Şahnaz» üstə gülür, «Segah» üstə ağlayırlar. Bu torpaqda neçə-neçə xanəndə nəsli yetişib. Qaraxan müəllim də erkən yaşlarından bülbül kimi cəh-cəh vuran xanəndələrin səsinin avazı ilə böyümüşdü. O səslərdən biri ona daha da doğma idi. Bu da əmisi, dövrünün tanınmış xanəndəsi Əfətli Əkbərin səsi idi. O, Qaraxan Behbudovun ilk müəllimi olmuşdu. Amma yalnız əmisinin deyil, digər xanəndələrin də qrammofon vallarına qulaq asaraq eşitdiyi muğam, xalq mahnı və təsniflərini öz-özünə zümzümə edən balaca Qaraxan sənətdə böyük zirvələrə doğru addımlayırdı.

Əvvəlcə Şuşada Pedaqoji Texnikuma daxil olur. Məlahətli səsi olduğunu bilən müəllimləri onu məktəbin musiqi kollektivinə dəvət edirlər. Burada tez-tez çıxış etməsi onun xanəndəliyə həvəsini daha da artırır.

Bu yerdə sənətkarın xatirələrinə nəzər salaq: “Məktəbin tədbirlərində, Şuşada keçirilən digər mədəni tədbirlərdə iştirak edirdim. Tədbirlərin birində unudulmaz sənətkarımız Süleyman Ələsgərov oxumağıma qulaq asıb səsimi çox bəyəndi və Bakıya gəlib bu istiqamətdə təhsil almağımı məsləhət gördü. Mən də onun məsləhəti ilə sənədlərimi hazırlayıb Bakıya gələrək A.Zeynallı adına Musiqi Texnikumuna imtahan verib daxil oldum. Bununla da xanəndə həyatım başladı”.

Qaraxan Behbudov 1963-1968-ci illərdə musiqi texnikumunda ustad xanəndələr Nəriman Əliyev və Əlibaba Məmmədovdan muğamın, sənətin sirlərin öyrənir.

Xalq artisti, professor Əlibaba Məmmədov deyir: “Mən Qaraxanın həm müəllimi olmuşam, həm də uzun illərdir ki, onunla birgə çalışıram. Filarmoniyanın solisti olduğumuz dövrlərdə, sonra Azərbaycan Dövlət Konsert Birliyində və indi isə Azərbaycan Dövlət Milli Konservatoriyasında bir yerdə işləyirik. O, daim öz üzərində çalışan xanəndədir. Bir sənətkar kimi və bir insan kimi mən ona çox böyük dəyər verirəm. Çünki çox zəhmətkeş və səmimidir. Fəxr edirəm ki, mənim tələbəm 80 yaşa gəlib çatıb və bu ömrü də ləyaqətlə yaşayıb. Ona cansağlığı və uzun ömür arzulayıram”.

Qaraxan Behbudovun sənət yolunun uğurlu məqamları Azərbaycan Dövlət Filarmoniyası ilə də bağlıdır. O, 1964-cü ildə bu musiqi ocağının solisti olur. Filarmoniyanın səhnəsində Xan Şuşinski, Şövkət Ələkbərova, Fatma Mehrəliyeva, Yaqub Məmmədov, Əlibaba Məmmədov kimi sənətkarlarla çıxışlar edərək onlardan ifaçılığa xas olan bir çox dəyərli keyfiyyətlər əxz edir.

Bu barədə xanəndənin dediklərindən: “Mən çox xoşbəxtəm ki, Xan, Zülfü, Əbülfət, Yaqub və bu kimi sənətkarlarla Filarmoniyada birgə işləmişəm. Onlarla çoxlu sayda çıxışlarım olub, qastrol səfərlərinə getmişəm. Onların hər birinin, xüsusən də Xan əminin mənim yaradıcılığımda böyük rolu var. Hələ erkən yaşlarından onun səsinin vurğunu idim. Xan əminin oxuduğu «Qarabağ şikəstəsi»ni, «Şuşanın dağları» və digər mahnıları öz-özümə zümzümə edərdim. Tale belə gətirdi ki, heyranı olduğum bu ustad sənətkarla bir yerdə işləməli oldum”.

Beləcə, sənətkarlardan eşidib-öyrəndiklərini öz yaradıcılıq yoluna tətbiq edən Qaraxan Behbudov həm respublikamızda, həm də onun hüdudlarından kənarda musiqimizi peşəkarlıqla ifa edərək alqışlarla qarşılanıb. Bundan ruhlanan xanəndə daim öz üzərində çalışaraq sənətini daha da püxtələşdirib. Bu yolda ona Əliağa Quliyev, Bəhram Mansurov və başqa sənətkarlar da dəstək veriblər.

Xanəndə öyrəndiklərini həm də gənc nəslə öyrədir. Uşaq musiqi məktəblərində, vaxtilə oxuduğu musiqi texnikumunda (indiki musiqi kolleci) müəllimlik edən Qaraxan Behbudov hazırda Azərbaycan Dövlət Milli Konservatoriyasında pedaqoji fəaliyyətini davam etdirir.

Filarmoniyada Əliağa Quliyevin idarəsilə xalq çalğı alətləri ansamblı, Əlibaba Məmmədovun rəhbərlik etdiyi «Hümayun» ansamblı, Baba Salahov adına «Araz» və başqa ansambllarla çıxış edən Qaraxan Behbudov özünün «Qönçə» ansamblını da təşkil edib və həmin kollektivlə bir çox konsertlər verib. Muğam, xalq mahnı və təsniflərini özünəməxsus yaradıcı tərzdə ifa edən xanəndə bir neçə melodiyanın da müəllifidir.

Öz ifa tərzi, yaradıcılıq xüsusiyyətləri ilə seçilən sənətkar bir insan kimi də çox səmimi və mehribandır. Xalq artisti, professor Arif Babayevin dediklərindən: “Qaraxan həm yaxşı sənətkar, həm də yaxşı insandır. Çox səmimi, mehriban, sakit təbiətlidir. Zəhmətkeş bir sənətkar, özünəməxsus yolu olan xanəndədir. Bu il 80 yaşı olur. Bu münasibətlə əziz dostumu, həmkarımı ürəkdən təbrik edirəm. Üzümü ona tutub deyirəm ki, 100 il yaşa, qardaş!”.

Biz də ustadımızın təbriklərinə qoşulur və Qaraxan müəllimə unudulmaz şairimiz Osman Sarıvəllinin misralarını xatırladırıq:

 

Hər kim yüz il yaşamasa,

Günah onun özündədir.

 

Səadət Təhmirazqızı,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2015.-25 noyabr.- S. 15.