“Öz dilimizdə kitab oxumaq mənə hədsiz zövq verdi”

 

“Kiril əlifbasını öyrənib farscaya tərcüməçiliyə başladım”

 

Soydaşımız, tərcüməçi və jurnalist Arslan Fesihi 1961-ci ildə Tehranda anadan olub. Türkiyənin İzmir şəhərindəki Ege Universitetini bitirib. Yeniyetməlik çağlarından yaradıcılığa başlayıb. Onun başlıca işi Türkiyə türkcəsindəki ədəbi əsərləri farscaya çevirməkdir.

 

- Arslan bəy, ədəbiyyata nə vaxt gəlmisiniz?

- Orta məktəbin ikinci sinfindən romanlar oxumağa başlamışam. Gəncliyimdə şeirlər də yazmışam. Ədəbiyyatla maraqlanan hər kəs, məncə, ilk olaraq şeir yazmağı təcrübə edir. Şeir gərək orijinal olsun, mən bunu bacarmadım. Başqalarına oxşamaq istəmədim, ona görə şeir yazmağı tərgitdim.

- Tərcüməçiliyə haçan başladınız?

- İranda ana dilində məktəbimiz olmayıb, indi də yoxdur. Ona görə dilimizi öyrənməyə həvəsim çox olub. O zaman Tehranda İran və SSRİ Mədəni Əlaqələr Mərkəzi vardı. Kiril əlifbasını öyrənib ora getdim. Tacik dilində iki kitab götürdüm. Fars dili tacik diliylə oxşardır. Onları oxuyub qaytardım, Azərbaycan dilində olan kitablar istədim. Eləcə də “Azərbaycan” jurnalının və “Ədəbiyyat və incəsənət” qəzetinin saylarını aldım. Öz dilimizdə kitab, qəzet oxumaq mənə hədsiz zövq verdi.

Bundan sonra tərcüməçiliyə başladım. Farscaya ilk tərcümə etdiyim kitab tarixçi, şərqşünas alim Şövkət Tağıyevanın İranda XIX əsrin sonu - XX əsrin başlanğıcında aqrar islahatlarla bağlı əsəri idi. İranda hakimiyyət dəyişikliyi baş verdiyindən bu kitab nəşr olunmadı. Türkiyəyə oxumağa getdim. Oradan qayıdanda artıq SSRİ dağılırdı, Quzey Azərbaycan müstəqil olmağa can atırdı. Bunu görən İran dövləti də müxtəlif kitabların, əsərlərin Azərbaycan türkcəsinə tərcüməsinə diqqəti artırdı. Həmin çevirmələri mən edirdim. Sonra qəzetlərdə, İran televiziyasında çalışdım.

- Türkiyə türkcəsindən farscaya indiyə kimi nə qədər əsər çevirmisiniz?

- Farscaya çevirmələrimin sayını unutmuşam. “İranlılar üçün türkcə” kitabım İranda çox məşhurdur, onuncu dəfə nəşr olunub. Bu, Türkiyə türkcəsini öyrənmək üçün bir dərslikdir. İrandan Türkiyəyə gedən hər kəsdə o kitabdan olur.

Farscaya çevirmələrim belə başladı: Tehranda Türkiyə Mədəniyyət Mərkəzi var, oraya gedib yaxşı bir türk romanı axtardığımı bildirdim. Onlar mənə Orxan Pamukun “Ağ qala” romanını verdilər. Onu çətinliklə farscaya çevirdim. Ona görə ki, dili ağırdır. Cümlələr çox uzundur, elə cümlə var ki, 10-15 sətirdir. Həmin roman 3000 tirajla çıxdı, yaxşı satıldı. Türkcə ilə farscanın qrammatik quruluşu bir-birinə uyğun gəlmir. Ondan sonra yazıçının “Yeni həyat” romanını çevirdim. Ardınca Orxan Pamuku Tehrana dəvət etdim. Nobel mükafatı almamışdan illər öncə onu iranlılara tanıtdım. Nobel alandan sonra Pamuk İranda daha da məşhurlaşdı. Yazıçının “Cövdət bəy və oğulları”, “Mənim adım qırmızı” və “Qar” romanlarını da farscaya çevirmişəm. O, İranda çox oxunan bir yazıçıdır.

- Farsdilli oxucu Quzey Azərbaycan yazarlarından kimləri tanıyır?

- Səməd Vurğun, Rəsul Rza və başqaları ancaq azərbaycanlı oxucular arasında tanınır. Müasir şairlərdən Ramiz Rövşən geniş tanınır. Azərbaycan ədəbiyyatından çox oxumuşam. Ədəbiyyat qlobal olmalıdır. Məncə, çağdaş Azərbaycan ədəbiyyatının başlıca problemi qlobal olmamasıdır. Əsər təkcə yerli oxucu üçün yox, həm də dünya oxucusu üçün yazılmalıdır. Filologiya elmləri doktoru Nüşabə Araslının Nizami Gəncəvi haqqında kitabını Azərbaycan dilindən farscaya çevirmişəm, çap olunub.

- Hazırda hansı əsəri çevirirsiniz?

- İndi Nazim Hikmətin “Kan konuşmaz” romanını farscaya çevirirəm. Məncə, bu əsər də oxucular üçün maraqlı olacaq.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 25 noyabr.- S. 15.