Bədii qiraətlə oxuyun: -

 

Ana dilimizi baba kimi dilləndirmiş, hər kəlmə, hər cümləmizi bağban təki gülləndirmiş Müxlis Cənizadə...

 

Onun çəkildiyi kinofilmlər içrə - altmış ildir abidə kimi baxdığımız “O olmasın, bu olsun”dakı epizodik student obrazını isə “təsəvvüri-qiraət” edək. Fakturaca “student”, “akt”uraca ustad kimi çıxış etdiyi o rolda onun məlum orijinalı - “Vaqifi-xəstə...” sözlərini öz sir-sifət mimikası və səs-səda tonikası ilə “...yox-yox, - Sərvəri-xəstə!” ekspromtuna necə ustalıqla “transfer” etməsini deyirəm...

 

Və əlavə edirəm; məncə, həmin epizodda hasarın o tayındakı məşuqə (Gülnaz xanım) o gülləri tək elə ssenari mətninə və bu taydakı aşiqə (Sərvərə) görə yox, həm də onun, hələlik “tanımadığı” bu student yoldaşının (Müxlis Cənizadənin) “Bəri bax” rədifli qoşmanı bu məlahət-lətafətliklə söyləməsindən yana yağış kimi çiləyir...

Hələ bir etirafım da var: mən o filmə ilk dəfə baxdığımdan bəri (yəni 54 ildir) haçan, harda ki, “bəri bax” çağırışı eşitmişəm, gözümlə həmin obyekt-subyektlərə, xəyalənsə haman kino-epizoda “baxmışam”. Bu isə həm də o deməkdir ki, mən indiyədək Müxlis Cənizadəni, ən azı, “üç gündən bir-beş gündən bir” xatırlamışam...

Hələlik, bir neçə kəlməlik də -

 

Rəsmi-sənədi qiraətlə

 

Özü də internet-vikipedik təhkiyədə:

Müxlis Mirsabir oğlu Cənizadə - Azərbaycanın Əməkdar artisti, müqtədir teatr, kino və dublyaj aktyoru, bənzərsiz bədii qiraətçi -1929-cu il noyabrın 26-da Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr Texnikumunu və Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini) bitirib. Sonralar yolunu davam etdirəcəyi böyük sənətkar, fenomenal qiraət ustası Kazım Ziyanın kursunda təhsil almış aktyor 1953-1963-cü illərdə Akademik Dram Teatrında çalışıb. Adlı-sanlı aktyor, bədii qiraət ustası, səhnə danışığı müəllimi, rejissor kimi tanınan Müxlis Cənizadə bir çox filmlərdə yaratdığı obrazlarla heç vaxt kəsilməyəsi sənət ömrü də qazanıb. 1961-ci ildən ömrünün sonunadək Dövlət Teatr İnstitutunda dərs dediyi istedadlı tələbələri də onun ad-soyadının bundan belə də tez-tez xatırlanacağından, sənət tərcümeyi-halına yeni-yeni səhifələr əlavə ediləcəyindən xəbər verir.

Həmin tələbələri Müxlis müəllimin institutun tədris teatrında quruluş verdiyi “Təbilçi qız”, “Aydın”, “Qaraçılar”, “Üləmalar” və s. tamaşaları bu gün də böyük vurğunluq və məmnuniyyət hissilə xatırlayırlar. Bu bənzərsiz aktyorun təkrarsız nitq, sözün hər iki mənasında klassik səs, sirli-sehrli tələffüz ecazlarından bəhs etmək, xatirələr söyləmək üçünsə hansısa tanış-bilişə, ədəbi-publisistik yazı-pozuya ehtiyac yoxdur. Nədən ki, onun Azərbaycan Radiosunun “qızıl fond”unda (habelə Dövlət Səsyazma Fondunda) qorunan bədii qiraət parçaları müxtəlif səbəb və variantlarda vaxtaşırı olaraq səsləndirilir və bu nümunələr dinləyicilərə öz ifaçısı haqda sevgi dolu xatirə-hekayətlər söyləyir.

1960-cı ildə - 31 yaşında Əməkdar artist adına layiq görülmüş bu “klassik sənət əda-sədalı” (müasirlərinin deyimidir) aktyor yaradıcılarçün ömrün ən məhsuldar dövrü hesab edilən beşinci onilliyində - 1972-ci ildə ağır xəstəlikdən vəfat edib. Deməli, 43 yaşında (say-seçmə teatr-səhnə obrazları və filmoqrafiya nümunələrindən də az)!..

 

Bir xeyli də irsindən...

 

Teatr tarixi sənədlərinə görə, uzun illər Azərbaycan Teatr İnstitutunda “Səhnə danışığı” fənni aktyor sənəti fakültəsinin nəzdində tədris olunurmuş. 1968-ci ilin noyabrında ayrıca səhnə danışığı kafedrası yaradılır və onun ilk müdiri Müxlis Cənizadə olur. Həmin dövrdən səhnə və ekran azmanlarından hesab olunan aktyorun qeyri-adi müəllimlik, peşəkar pedaqoqluq bacarığı da üzə çıxır.

O, tələbəliyində və sonralar görkəmli səhnə xadimi, pedaqoq, Xalq artisti Kazım Ziyadan öyrənib öz istedad və intuisiyaları ilə zənginləşdirdiyi səhnə danışığı, canlı söz sənəti sirlərinə bələdliyi ilə bu peşənin öyrətmənlərinə gözəl nümunə, öyrəncilərinə örnək olmuşdur.

Müxlis Cənizadə haqda mətbu yazılarda deyilir ki, o, səhnə danışığının bu ya digər məsələlərinin izahında adətən böyük aktyorların və bədii qiraətçilərin yaradıcılığından hədsiz dərəcədə real, tutarlı (bəzən onları təqlidən) misallar gətirər, elmi-nəzəri, təcrübi mülahizələrə əsaslanardı. Müxlis müəllimin yetirmələri bu gün ADMİU-nun yaradıcılıq kafedralarında xüsusi seçkinliklə fəaliyyət göstərirlər. Hazırda Azərbaycanın teatr aləmində “səhnə danışığı”nın bir elm səviyyəsinə yüksəlməsində, bu fənn tədrisinin elmi əsaslar üzərində pərvərişi, bu sahəyə yönəli uğurlu tədqiqat işlərinin aparılması, mükəmməl dərs vəsaitləri və məqalələrin yazılmasında belə aydın bir “Müxlis Cənizadə mənbəliliyi” hiss edilir.

“Müxlis Cənizadə” deyiləndə yada düşən filmlərdən biri də “Yenilməz batalyon”dur. Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə bildirir ki, çəkilişlərinə çox əngəllər törədilmiş bu filmdə iştirak edən məşhur yerli və ittifaq aktyorları Müxlisin oynadığı epizodik roldakı istedadlı elementlər haqda danışmaqdan doymurmuşlar.

Elə mən də bu “klassik əda-sədalı” sənətkar və büsbütün “köhnə kişi” haqda yazmaqdan doymasam da, budəfəlik bu qədər...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2015.- 25 noyabr.- S. 13.