Uşaq musiqisinin görkəmli nümayəndəsi

 

Bəstəkar Rəşid Şəfəqin 75 illik yubileyi qeyd olundu

 

Noyabrın 20-də Abdulla Şaiqin ev-muzeyində tanınmış bəstəkar, pedaqoq və musiqişünas, Əməkdar incəsənət xadimi Rəşid Şəfəqin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

 

Muzeyin direktoru Ülkər Talıbzadə tədbiri açaraq bildirdi ki, hamımızın çox yaxşı tanıdığı və hörmət etdiyi Rəşid Şəfəqin yubiley tədbirinin burada keçirilməsi təsadüfi deyil. Çünki ustad sənətkar zəngin yaradıcılığında Abdulla Şaiq irsinə böyük yer ayırıb, ədibin əsərlərinə gözəl musiqilər bəstələyib.

Qeyd olundu ki, bəstəkar 1940-cı ildə Bakıda anadan olub. Əslən Goranboy rayonunun Şəfəq kəndindəndir. Ailəsində musiqiçi olmasa da, musiqiyə marağı erkən yaşlarından yaranıb. Dediyinə görə, xalasının həyat yoldaşı Cavad bəy Cuvarlinski dahi bəstəkar Üzeyir Hacıbəyli ilə yaxın dost olub, onunla Qori Müəllimlər Seminariyasında oxuyublar. Bir gün o, Rəşidi Üzeyir bəyin yanına aparıb. Bəstəkar onun musiqi duyumunu yoxlayıb. Bu görüşdən sonra Rəşiddə özünəinam artıb. İki il bəstəkar Midhəd Əhmədovdan bu sənətin sirlərini öyrənib. Paralel olaraq violonçel sinfində də təhsil alıb.

Rəşid Şəfəq ömrünün 50 ilini peşəkar musiqiyə həsr edib. Bu illər ərzində uşaqlar üçün “Səfeh siçan balası” uşaq opera-nağılı, “Baş tutmayan hiylə” uşaq musiqili nağıl-komediyası, “Tülkü, Tülkü, Tünbəki...”, “Bayquşların söhbəti” nağıl-operaları, “Qiymətlərin sərgüzəşti” uşaqlar üçün müzikl, “Ana” üçpərdəli operası (H.Cavidin eyniadlı dramı əsasında), “Cırtdan” uşaq operettası (xalq nağılı əsasında) və s. kimi əsərlər ərsəyə gətirib.

Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova bildirdi ki, Rəşid Şəfəq qurumun ən zəhmətkeş üzvlərindən sayılır və sənətdə özünəməxsusluğu ilə seçilir: “Daha çox uşaqlar üçün musiqilər yazır. Eyni zamanda mətbuatda görkəmli musiqi xadimləri haqqında onlarla məqaləsi dərc olunub. İnanırıq ki, ustad sənətkar gələcək yaradıcılıq fəaliyyətində də dinləyiciləri, xüsusilə kiçikyaşlı musiqisevərləri yeni-yeni əsərləri ilə sevindirəcək”.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova və digər çıxış edənlər Rəşid Şəfəqin ömür yolundan və sənətindən söz açdılar.

Çıxışlardan sonra ev-muzeyin əməkdaşları Humay Teymurova, Elminaz Məmmədli və Sevinc Musazadə, həmçinin Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xorunun solistləri Alfiyyə Muradova və Fərid Hüseynov bəstəkarın A.Şaiqin sözlərinə bəstələdiyi “Kəpənək” mahnısını ifa etdilər. Azərbaycan Dövlət Televiziyasının uşaq teatrı triosunun üzvləri Abdulla Solmaz, Alsu Hüseynova və Səfurə Mürsəliyeva Rəşid Şəfəqin “Ana yurdum, Azərbaycan”, “Kosmos və mən”, “Hər yerdən vətən yaxşı” mahnılarını səsləndirdilər. Sonda bəstəkara həsr edilmiş slayd-şou nümayiş olundu.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 25 noyabr.- S. 12.