Kukla Teatrında sözsüz tamaşa

 

Böyüklər üçün “Melodiya”

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85-ci mövsümündə balacalarla yanaşı, böyükləri də unutmayıb. Teatrda “Melodiya” adlı sözsüz tamaşa hazırlanır.

 

Görkəmli cazmen, pianoçu-bəstəkar Vaqif Mustafazadənin melodiyalarına əsaslanan tamaşada kişi və qadının həyat və sevgi hekayəsi maraqlı bir tərzdə - onların geyimlərinin (kişi şalvarı və qadın donu) təmasında təqdim olunur. Bəs, görəsən, bu sevgi nələrə qadirdir və sözsüz tamaşa izləyicisinə hansı mətləbləri açacaq?

Tamaşanın məşq prosesini izlədik. Səhnə əsərinin ideya müəllifi və rejissoru Qurban Məsimov yeni nümunə barədə məlumat verdi: “Biz elə tamaşa hazırlamaq istədik ki, onu müxtəlif ölkələrdə keçirilən festivallarda nümayiş etdirə bilək. Bu, sözsüz olmalıydı. İstəmirdik dil bizim üçün sərhəd olsun. Bunu bir dəfə sınaqdan keçirmişik. Hindistanda ilk dəfə “Çanta-Trio və...” tamaşasını təqdim etdik və çox maraqla qarşılandı. Əmin olduq ki, Kukla Teatrında sözsüz tamaşalar da hazırlanmalıdır. Onu da deyim ki, bu, teatrda böyüklər üçün hazırlanan ilk tamaşa da deyil. Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərləri əsasında hazırlanan tamaşalar bunlara misaldır. Teatra böyükləri də cəlb etməyə çalışırıq. Yeri gəlmişkən, “Melodiya”dan sonra yenə də böyüklər üçün nəzərdə tutulan “Zəng” adlı monotamaşamız olacaq”.

Kukla Teatrı aktyorlarının indiyədək kuklalara can verdiyini, həm hərəkətlə, həm də danışıqla onları dilə gətirdiyini nəzərə alsaq, sözsüz tamaşanın necə alınacağı maraq doğurur. Rejissordan da bu mənada aktyorlarla işin asan olub-olmadığını soruşduq. Q.Məsimov peşəkar aktyor üçün boş səhnədə sadəcə bir-iki mimikayla da özünü ifadənin mümkünlüyünü diqqətə çatdırdı: “Melodiya”da iki aktyor oynayır: Samirə Nəcəfova və Rəhim Rəhimov. Süjet ailə dramı üzərində qurulub. İki insan arasında olan problemi zivədən (ipdən) asılan qadın donu və kişi şalvarı nəql edir. Küləyin köməyi ilə paltarlar hərəkətə gəlir və sonra zivədə kiçik qız donu peyda olur. Paltarları yığmaq üçün səhnəyə çıxan qadın o qız donunu görür və bu sanki ona ailəsində olan problemin həlli təsirini bağışlayır. Həmin uşaq paltarı kişi və qadın geyiminin “məhəbbət əfsanəsi”ndən sonra yaranır.

O ki qaldı aktyorlara, danışmadan oynamaq, doğrudan, çətindir. Biz aktyorlarla bu tamaşanı detal-detal yığırıq. Tamaşanın modeli özü bunu təlqin edir. Çünki burada konkret mizanlar yoxdur. Aktyorlar ifa etdikləri obrazın xarakterlərini işləyə-işləyə, məşq edə-edə tapırlar. Bu, aktyorlar üçün həm axtarış, həm də tamaşa üzərində işdir. Aktyorlar mənimlə birgə tamaşanın müəllifinə çevrilirlər”.

Qısa söhbətdən sonra məşq başlayır. Rejissor musiqi və işıq altında məşq edən aktyorlara izah verir: “Dostlar, burada qazandığınız təcrübə sizə gələcək tamaşalarda çox yararlı olacaq. Əgər Kukla Teatrının aktyoru cansız əşyalara can verə bilirsə, deməli, zivədən asılmış paltarları da canlandıra bilir. Odur ki, özünüzü kuklaya yox, əl hərəkətlərinizə hesablayın və tempi melodiyaya uyğunlaşdırın”.

İşıqlar sönür və sevgi hekayəsi davam edir. Geyimlər musiqi sədaları altında hərəkətə gələrək müəyyən ideya ətrafında fikir formalaşdırmağa başlayırlar. Təbii ki, bu ritmə rejissor əlavələri də ayrı bir ovqat gətirir: “Yer dəyişin... Bir-birinizə mane olmayın, tez keçid edin. Zivədəki kişi və qadın danışır. Emosiyanı ifadə et...” kimi əlavələrlə məşq prosesi bir saat çəkdi.

Prosesdən sonra aktyorlara yaxınlaşıb, tamaşa və obrazları barədə təəssüratlarını öyrənirik. “Teatrımızın tarixində ilk dəfədir ki, sözsüz tamaşa hazırlanır. Belə tamaşada oynamaq asan deyil. Özünüz də gördünüz ki, bütün hadisələr musiqi ritmləri üzərində canlanır. Burada ailə-məişət münaqişələri öz əksini tapır. İnanırıq ki, maraqlı olacaq”, - aktyor Rəhim Rəhimov deyir. O həm də “Zəng” monotamaşası üzərində çalışır: “Ola bilsin ki, bu tamaşaları bir yerdə, yəni yığma formasında təqdim edək”.

Onun tərəf-müqabili Samirə Nəcəfova da fikirlərini bölüşdü: “Ssenarini oxuyanda mənə çox çətin görünürdü. Amma oyun prosesində çox maraqlı gəldi və düşünürəm ki, bu formada ifadə üsulu tamaşaçılar üçün də maraqlı olacaq”.

Tamaşada eyni zamanda övladsızlığın ailədə yaratdığı problemlərə də toxunulur. Nikbin notlarla bitən səhnə əsəri yaxın zamanlarda teatrsevərlərin ixtiyarına veriləcək.

 

H.Nizamiqızı

Mədəniyyət.- 2015.- 25 noyabr.- S. 10.