“Kəlağayısı gülgəz, libası əlvan”

 

Xalça Muzeyində sərgi

 

Noyabrın 24-də Azərbaycan Xalça Muzeyində “Kəlağayısı gülgəz, libası əlvan” adlı sərgi keçirildi. Muzeyin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva çıxış edərək tədbirin mədəniyyət tariximiz üçün əlamətdar bir ildönümünə təsadüf etdiyini bildirdi.

 

Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına diqqət və qayğısı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədə fəaliyyəti nəticəsində 2014-cü ilin 26 noyabr tarixində Azərbaycan kəlağayı sənəti qurumun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Bununla da xalqımızın milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə kəlağayımızın mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə təsdiqlənib.

Bildirildi ki, xalqımızın əvəzsiz sənət nümunələrini, milli irsini qoruyan, daim onun nümayişi və təbliğini həyata keçirən Azərbaycan Xalça Muzeyi öz ənənəsinə sadiq qalaraq, zərif sənət nümunəsi olan kəlağayımızı bundan sonra da qürurla nümayiş etdirəcək. Məqsəd xalqımızın qədim milli irsini yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır.

Bakı Dövlət Universitetinin müəllimi, professor Rəna İbrahimbəyova qeyd etdi ki, kəlağayı sadəcə geyim əşyası deyil. Baş örpəyi kimi milli-mənəvi dəyərlər sistemimizə daxil olsa da, onda tarixi mədəniyyətimizin təsiri yaşayır.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səbirə Dünyamalıyeva bildirdi ki, Azərbaycan xalqı keçmişdə də, bu gündünya mədəniyyətinə, o cümlədən geyim mədəniyyətinə dəyərli töhfələr verib.

 

 

 

 

Daha sonra gənc kolleksiyaçılar Ruslan HüseynovFuad Cəbrayılov çıxış edərək şəxsi kolleksiyalarında yer alan və sərgidə nümayiş olunan geyim əşyaları haqda məlumat verdilər. Bildirdilər ki, nümayiş olunan kişi, qadın və uşaq milli geyimləri əsasən Qarabağ, Şamaxı, Bakı, Naxçıvan və digər bölgələri əhatə edir. Onların əksəriyyəti XVIII-XIX əsrlərin nümunələridir.

Çıxışlardan sonra tədbir iştirakçıları sərgiyə baxdılar. Qonaqlara musiqili proqram təqdim olundu. Sərgi bir ay davam edəcək.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 25 noyabr.- S. 9.