Milli Dram Teatrının “İlahi oyun”u diploma layiq görülüb

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Belarusun paytaxtı Minskdə keçirilən Gənclərin II Beynəlxalq Teatr Forumu çərçivəsində “İlahi oyun” tamaşası ilə çıxış edib. Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsəri Yanka Kupala adına Belarus Milli Akademik Teatrında oynanılıb.

Akademik Milli Dram Teatrının baş rejissoru və bədii rəhbəri, Xalq artisti Azərpaşa Nemətovun rəhbərliyi ilə teatrın kollektivi forumda iştirakçı ölkələrin rəssamlarının, dramaturqlarının, rejissorlarının və teatrşünaslarının məşğələ və ustad dərslərində də iştirak edib. Məşğələlərdə teatrın rejissoru Mikayıl Mikayılovun işi uğurlu hesab edilib və rejissora xüsusi diplom təqdim olunub.

Qeyd edək ki, “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanmış birhissəli etno-müziklin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Musiqi tərtibatı Vidadi Həsənov və Mikayıl Mikayılova, rəqslərin quruluşu Pərviz Məmmədrzayev və Nigar Güləhmədovaya məxsusdur. Tamaşada əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova və Novruz Novruzlu çıxış edirlər.

Teatr forumu Beynəlxalq Çexov Teatr Festivalı çərçivəsində gənc rejissorların işlərinə baxış məqsədilə təşkil olunub.

 

Mədəniyyət.- 2015.- 25 noyabr.- S. 9.