“Mahnıdan şərqiyə” layihəsinin Ankara təntənəsi

 

Noyabrın 19-da Ankarada Türkiyənin Elm və Ədəbiyyat Əsərləri Sahibləri Birliyinin (İLESAM) Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) ilə birgə həyata keçirdiyi “6 bəstəkar və 6 şair” layihəsinin ikinci konserti keçirildi. Xatırladaq ki, bu layihənin birinci konserti oktyabrın 16-da Bakıda gerçəkləşmişdi.

 

Ankarada TRT-nin ən böyük “Arı studiyası”nda keçirilən musiqi axşamında Türkiyənin mədəniyyət və turizm naziri Yalçın Topçu, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç və digər tanınmış dövlət və incəsənət xadimləri iştirak edirdi. Azərbaycandan gələn nümayəndə heyətində Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, qurumun katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rzazadə və başqaları yer almışdı. Studiyaya üz tutan tamaşaçı axını və zalda bütün yerlərin tutulması öncədən möhtəşəm bir konsertin olacağından xəbər verirdi.

Tədbiri İLESAM-ın baş direktoru Mehmet Nuri Parmaksız açaraq qurum haqqında məlumat verdi. Bildirdi ki, 1986-cı ildə yaranan İLESAM hazırda Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərir: “Biz bu layihə ilə şeirlə musiqini və türk dünyasının qardaşlığını bir araya gətirdik. Türksoylu ölkələrlə tarixin dərinliklərindən gələn mədəni bağlarımızı gücləndirmək və ortaq dəyərlərimizi gələcək nəsillərə şeir və musiqi ilə daşımaq məqsədilə “Türk dünyası konsertlər silsiləsi”ndən ilk layihəni Azərbaycanla birlikdə keçirdik. Gələn il bu layihəni Şimali Kipr Türk Respublikasında, Balkanlarda və ya başqa bir türksoylu ölkədə həyata keçirməyi düşünürük. Yəni davamlı olaraq layihəni bütün türkdilli ölkələrdə gerçəkləşdirməyi planlaşdırırıq”.

M.N.Parmaksız konsertin təşkilinə verdikləri dəstəyə görə Türkiyə Baş Nazirliyinə, TİKA, TÜRKSOY, TRT və digər qurumlara minnətdarlığını bildirdi.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə isə dünyada qanlı hadisələrin, terrorların baş verdiyi bir zamanda Türkiyə və Azərbaycanın belə gözəl bir təşəbbüslə çıxış etməsini alqışladı: “İki qardaş ölkə olaraq öz sevgi və məhəbbətimizi belə gözəl bir layihə ilə göstərmək istəyirik. Öz gözəl hisslərimizi mahnılarla tərənnüm edirik. Əslində isə bununla bütün dünyada əmin-amanlıq olmasını istəyirik. Mən inanıram ki, musiqi və şeir yazan insanlar heç vaxt pislik edə bilməzlər. Gəlin, musiqi bəstələyək, şeir deyək və gözəl konsertlər keçirək”.

Sonra səhnəyə dəvət edilən Türkiyənin mədəniyyət və turizm naziri Yalçın Topçu türk dünyasını, bütün islam aləminin mədəniyyət coğrafiyasını və hər kəsi salamladığını bildirdi: “Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Bizə bu gecəni yaşadan hər kəsə təşəkkür edirəm. Qoy bütün dünyada acıların yerində musiqi və şeir olsun. Mədəniyyət coğrafiyamız başda olmaqla bütün dünya üçün bu diləklərimiz həyata keçsin”.

Sonra tədbirin musiqi bölümünə start verildi. İlk səslənən ifa Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin sözlərinə türk bəstəkarı Faruk Şahinin yazdığı “Dövr eləyən canımdır” mahnısı oldu.

Qeyd edək ki, layihənin şərtlərinə görə, Azərbaycandan altı tanınmış şairin şeirinə Türkiyənin altı bəstəkarı, eləcə də altı türkiyəli şairin sözlərinə azərbaycanlı bəstəkarlar mahnı bəstələyib. Mahnılarda hər iki dildə yazılmış sözlər orijinal mətnlərdə oxundu.

Layihənin unudulmaz anlarından biri də iştirakçıların türk və Azərbaycan mahnılarından ibarət popuri ifa etməsi oldu. Burada hər iki ölkədə populyar, sözləri dillər əzbəri olan bəstələr seçilmişdi.

Çoxsaylı tamaşaçı kütləsinin heyranlıqla izlədiyi musiqi şöləni TRT Avaz və TRT Müzik kanalları ilə canlı yayımlandı.

Qeyd edək ki, noyabrın 20-də TÜRKSOY-un baş katibi Düsen Kaseinov layihənin heyəti ilə görüşdü. O, qonaqları salamlayaraq belə bir gözəl layihə gerçəkləşdirdikləri üçün Firəngiz Əlizadəni və Mehmet Nuri Parmaksızı təbrik etdi. Şairlərlə bəstəkarları, şeirlə musiqini bir araya gətirən layihənin türk dünyasının ortaq mədəniyyətinin inkişafına xidmət edəcəyini bildirdi. D.Kaseinov TÜRKSOY-un həyata keçirdiyi layihələr haqqında da qonaqlara məlumat verdi.

Firəngiz Əlizadə də öz növbəsində layihəni dəstəklədiklərinə görə TÜRKSOY-un baş katibinə minnətdarlığını bildirdi. İLESAM baş katibi M.N.Parmaksız D.Kaseinova və layihənin ideya müəllifi İlter Yaşılaya təşəkkür etdi və görüşün sonunda TÜRKSOY-un baş katibinə plaket təqdim etdi.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bizimlə söhbətində bildirdi ki, canlı yayımda dünyaya nümayiş olunan möhtəşəm konsertdən sonra Amerikadan, Kanadadan, uyğur türklərindən, müxtəlif türk dövlətlərindən mesajlar alıblar: “Onlar bu layihəni çox bəyəniblər. Layihə ilk olaraq Azərbaycanla başladı. TÜRKSOY-un baş katibi Düsen Kaseinov bizimlə görüşdə layihənin digər türkdilli dövlətlərlə davam etdirilməsi arzusunu ifadə etdi. Şimalı Kipr Türk Cümhuriyyətindən millət vəkili Alim Aydınoğlu bu layihənin Kiprdə də gerçəkləşməsini arzuladı. O, bu məqsədlə noyabrın 26-da Bakıya səfər edəcək. Bəstəkarlar İttifaqında onunla görüşüb yeni layihənin müzakirəsini keçirəcəyik”.

 

Mehparə Sultanova,

Ankara

 

Mədəniyyət.- 2015.- 25 noyabr.- S. 8.