Azərbaycan ATMU-dan xəbərlər

 

Almaniyalı və rusiyalı qonaqlarla görüş

 

Noyabrın 19-da Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru, professor Cəfər Cəfərov Almaniyanın Höte İnstitutu Qafqaz nümayəndəliyinin əməkdaşı Stefan Şatz ilə görüşüb. Qonağa universitetin xarici əlaqələri barədə ətraflı məlumat verilib. Stefan Şatz universitetin Dil Mərkəzində də olub, alman dili üzrə təhsil alan tələbə və müəllimlərlə görüşüb.

* * *

Noyabrın 20-də Rusiya Federasiyası Şimali Qafqaz Federal Universitetinin nümayəndə heyəti də ATMU-da olub.

Rektor Cəfər Cəfərov və Şimali Qafqaz Federal Universitetinin prorektoru Andrey Lixovid ali təhsil ocaqları arasında 9 aprel 2014-cü il tarixində imzalanan anlaşma memorandumuna uyğun olaraq əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıblar. Memorandumda tələbə-müəllim, informasiya mübadiləsi, elmi konfransların təşkili, elmi tədqiqatların aparılması, müştərək layihələrin işlənib hazırlanması və sair məsələlərin öz əksini tapdığı qeyd olunub.

Görüşdə universitetlərarası əməkdaşlıq məsələləri müzakirə edilib. Rusiyanın məşhur kurort mərkəzləri - Minvodı və Pyatiqorsk şəhərlərində fəaliyyət göstərən hotel və istirahət mərkəzlərində ATMU tələbələrinin istehsalat təcrübəsi keçməsinə dair müzakirələr aparılıb.

 

“Cəmiyyətin biznes və təhsildən gözləntiləri”

 

Azərbaycan Turizm və Menecment Universitetində “Dövlət, biznes və cəmiyyət münasibətlərində yeni meyllər” adlı daimi seminarın “Cəmiyyətin biznes və təhsildən gözləntiləri” mövzusunda ilk dəyirmi masa keçirilib.

Tədbirdə millət vəkilləri Ziyad Səmədzadə, Vahid Əhmədov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Universitetinin kafedra müdiri Vüqar Nəzərov, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin proqram direktoru Rasim Quliyev, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev QHT rəhbərləri iştirak ediblər.

Rektor Cəfər Cəfərov tədbiri açaraq müasir dövrdə dövlət, biznes və cəmiyyətin qarşılıqlı fəaliyyətlərinin uzlaşdırılması mexanizmlərinin elmi əsaslarının işlənib hazırlanmasının vacibliyini qeyd edib.

Çıxışlarda sosial məsuliyyət, ətraf mühitin qorunması kimi məsələlərə toxunulub, biznesin sosial-iqtisadi məğzi, sosial aspektləri kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində universitet əməkdaşları tərəfindən yazılmış “Korporativ sosial məsuliyyət” adlı dərs vəsaitinin təqdimatı da keçirilib. Dərs vəsaiti QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən layihə çərçivəsində hazırlanıb.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 25 noyabr.- S. 7.