Azərbaycanlı vokalçı MDB opera solistlərinin qala-konsertində

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Afaq Abbasova Rusiyanın Voronej şəhərində qastrol səfərində olub.

O, gənc opera solistlərinin “Voronej - MDB-nin mədəni paytaxtı” dövlətlərarası proqramının qala-konsertində ölkəmizi təmsil edib. Voronej Dövlət Opera və Balet Teatrında baş tutan konsertə Rusiya, Ukrayna, Belarus, Moldova, Azərbaycan, Qırğızıstan, Özbəkistan və Tacikistandan istedadlı gənc vokalçılar qatılıblar.

A.Abbasova qala-konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Nigarın ariyasını və Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Opera və Balet Teatrının solisti Raxim Mirzokamalovla birlikdə C.Verdinin “Trubadur” operasından duet ifa edib. Azərbaycanlı vokalçının ifası iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.

 

Mədəniyyət.- 2015.- 25 noyabr.- S. 6.