İSESCO İcraiyyə Şurasının 36-cı iclası başa çatdı

 

Noyabrın 24-də Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) İcraiyyə Şurasının 36-cı iclası işini başa vurdu.

 

Bağlanış mərasimində çıxış edən İSESCO İcraiyyə Şurasının sədri Bubəkr Dokurə İcraiyyə Şurasının 36-cı iclasının işini yüksək qiymətləndirdi. Tədbirin böyük mədəniyyətə malik islam ölkələri arasında elm, təhsil və mədəni əlaqələrin güclənməsinə dəyərli töhfələr verəcəyinə ümidvar olduğunu bildirdi. O, qədim tarixə, zəngin mədəniyyətə malik Azərbaycanda olmaqdan qürur duyduğunu diqqətə çatdırdı, İcraiyyə Şurasının 36-cı iclasının yüksək səviyyədə keçirilməsinə və göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə, bütün Azərbaycan xalqına öz minnətdarlığını bildirdi.

Daha sonra çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İSESCO İcraiyyə Şurasının 36-cı iclası çərçivəsində elm, təhsil, mədəni əməkdaşlıq və bu sahələrdə ölkələrimizin inkişaf istiqamətlərini təmin edəcək müzakirələrin aparıldığını bildirdi: “İslam ölkələri arasında əlaqələrin daha da gücləndirilməsi və qarşılıqlı münasibətlərin dərinləşməsi olduqca vacibdir. Azərbaycan Prezidenti İlham Əliyev bu əlaqələrin inkişafına daima öz dəstəyini göstərir. Təşkilatla münasibətlər Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İSESCO-nun xoşməramlı səfiri adına layiq görülməsindən sonra uğurla inkişaf edir və hazırda ən yüksək səviyyədədir”.

Əbülfəs Qarayev vurğuladı ki, İSESCO İcraiyyə Şurasının 36-cı iclasının Bakıda keçirilməsi müxtəlif ölkələrdən gələn qonaqların Azərbaycanla daha yaxından tanış olması üçün də mühüm bir imkandır. O, qonaqlara ölkəmizin mədəniyyəti, tarixi və müasir inkişafını təqdim etmək məqsədilə mədəni proqramın təşkil olunduğunu, iştirakçıların muzeylər, teatrlar, həmçinin Heydər Əliyev Mərkəzi və Qafqazın ən böyük məscidi olan Heydər məscidi ilə tanış olacaqlarını diqqətə çatdırdı.

Nazir Bakıda İSESCO-nun 12-ci Baş Konfransının da yüksək səviyyədə keçirilməsi üçün böyük hazırlıq işlərinin görüldüyünü dedi. İclasa qatılan hər bir qonağa minnətdarlığını bildirən Əbülfəs Qarayev hər kəsin Azərbaycanda özünü vətənindəki kimi rahat hiss etdiyinə ümidvar olduğunu vurğuladı.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanda keçirilən iclası məhsuldar və əməkdaşlığın inkişafında irəliyə atılmış addım kimi qiymətləndirdi. Qeyd etdi ki, İSESCO Baş Konfransının Azərbaycanda təşkil olunması təşkilatla gözəl əməkdaşlığın göstəricisidir: “İcraiyyə Şurasının iclası üçillik fəaliyyətin yekunu olaraq 2016-2018-ci illər üçün yeni tədbirlər planının hazırlanmasına öz töhfəsini verdi. Biz yeni mərhələnin başlanğıcındayıq. Anlayırıq ki, vəzifələrimiz və məsuliyyətimiz böyükdür. İslam ümmətinə xidmət edərək təhsil məsələlərini gücləndirməli, elmi tədqiqatları genişləndirib öz ölkələrimizin inkişafına nail olmalıyıq”.

İclasın yüksək səviyyədə keçdiyini vurğulayan baş direktor Azərbaycan xalqına və hökumətinə minnətdarlığını ifadə etdi.

Qeyd edək ki, İSESCO-nun İcraiyyə Şurasının iclasına və Baş Konfransa 59 ölkədən nümayəndə qatılıb. Qurumun 12-ci Baş Konfransı noyabrın 26-da işə başlayacaq.

 

Fariz

 

Mədəniyyət.- 2015.- 25 noyabr.- S. 4.